"Rusiya-Ukrayna müharibəsində vəziyyət dəyişməz olaraq qalır. Tərəflər qarşılıqlı şəkildə bir-birinin ərazisinə raket və dronlarla hücum edirlər".
Bu sözləri SİA-ya açıqlamasında Orta Doğu Araşdırmaları Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan deyib.

Onun sözlərinə görə, Rusiya tərəfinin ənənəvi olaraq hədəfində yeni əraziləri işğal etmək prosesi baş vermir: "Başqa sözlə, 4 ildən artıq davam edən bu müharibədə Rusiya hədəflərinə çata bilməyib. Onun əsas hədəfi Ukrayna hakimiyyətini devirmək, Moskva yönlü siyasi qüvvəni hakimiyyətə gətirməkdir.
İşğal edib ilhaq etdikdən sonra tanıdığı ərazilərdə isə vəziyyət gündən-günə ağırlaşmaqdadır. Eləcə də bəzi ərazilərlə bağlı əvvəllər elan etmişdi ki, Rusiya həmin əraziləri işğaldan təmizləyib, yəni öz nəzarəti altındadır. Lakin sonradan məlum oldu ki, həmin ərazilər Ukraynanın mərkəzi, Kiyev hakimiyyətinin nəzarəti altındadır.
Ukrayna isə Rusiyanın neft bazalarını, neft emalı zavodlarını, dron və raket istehsalı müəssisələrini, həmçinin digər obyektlərini vurur. Bununla da Rusiyada artıq ciddi şəkildə yanacaq böhranı yaranıb. Rusiya daxili bazarın ehtiyac duyduğu yanacağı Qazaxıstandan və başqa ölkələrdən idxal edir.
Bütün bunlar onu göstərir ki, Rusiya Ukrayna ilə başladığı müharibəni davam etdirməkdə çətinlik çəkir. Xüsusilə canlı qüvvə baxımından Rusiyanın problemləri var. Bu yaxınlarda kütləvi səfərbərlik elan olunacağına dair məlumat ölkədə müəyyən problemlər yaradır.
Tərəflər arasında sülh danışıqlarının bərpa olunması indiki vəziyyət və şəraitdə mümkünsüzdür. Çünki danışıqlara başlamaq üçün hansısa şərtə əməl olunması vacibdir. Bu şərt isə ilk növbədə atəşkəsdir. Atəşkəs və onun ardınca Rusiyanın işğal olunmuş ərazilərdən çıxması, eləcə də Ukraynanın Avropa İttifaqına və NATO-ya müraciət məsələləri gündəlikdədir.
Fikrimcə, bu danışıqlarda Rusiyanın iddialı davranışı sülh prosesinə mane olan başlıca amildir. Bu isə Rusiyanın Ukraynanı işğal etmək və orada hakimiyyəti dəyişmək istəyidir. Bu isə mümkünsüzdür.
Bu yaxınlarda Almaniyanın keçmiş kansleri Angela Merkel bəyan etdi ki, Belarusun Minsk şəhərində Avropanın da iştirakı ilə Rusiya və Ukrayna arasında aparılan danışıqlar və Minsk razılaşmasının əldə olunması saxtakarlıq olub və əsas məqsəd Rusiyanı aldatmaq, Ukraynanın müdafiə qabiliyyətini artırmaq imiş.
Yəni bu tip hadisələr onu göstərir ki, nə beynəlxalq ictimaiyyət, nə Ukraynanı dəstəkləyən qüvvələr, nə də Rusiya Ukraynada müharibənin bitməsinə və danışıqlar prosesinin nəticə verməsinə hazır deyil".