Mərkəzi Bank və kommersiya bankları arasında əldə edilmiş razılığa əsasən, avqustun 1-dən ölkədə kartla əməliyyatlara limitlər tətbiq edilib. Qərara görə, kart sahibi hər gün öz kartı ilə maksimum 5 dəfə köçürmə edə və eyni qaydada 5 dəfə ödəniş ala bilər, köçürmələrin maksimal ümumi məbləği isə 20000 manat müəyyənləşdirilib. Bəs, bu dəyişikliklər nələrə səbəb ola bilər?
Məsələ ilə bağlı iqtisadçı Asif İbrahimov SİA-ya açıqlamasında bildirib ki, kartdan-karta köçürmələrə gündəlik əməliyyat sayı limiti qoymaq sağlam iqtisadi siyasət deyil:
“Bu, problemin kökünü həll etməyən, əvəzində milyonlarla qanunauyğun vətəndaşı eyni məhdudiyyət altına salan inzibati qərardır.
Əgər məqsəd vergidən yayınma, kölgə iqtisadiyyatı və ya çirkli pulların yuyulması ilə mübarizədirsə, onda sual yaranır ki, niyə hədəf cinayətkar deyil, adi vətəndaşdır?
Dünyanın inkişaf etmiş maliyyə sistemlərində əsas prinsip riskəsaslı nəzarətdir. Şübhəli əməliyyatlar xüsusi alqoritmlərlə müəyyən edilir, yüksək risk daşıyan hesablar izlənilir, zərurət olduqda məhdudiyyət həmin şəxslərə tətbiq edilir. Amma bütün ölkə üzrə hər kəsə eyni sayda köçürmə limiti tətbiq etmək beynəlxalq maliyyə praktikasında geniş qəbul olunmuş yanaşma deyil.
Bu qərar faktiki olaraq vətəndaşa belə mesaj verir ki, Kartdan istifadə et, amma çox istifadə etmə.
Bu, rəqəmsal iqtisadiyyatın məntiqinə tamamilə ziddir. İllərlə insanları nağdsız ödənişə təşviq edib, sonra isə həmin ödənişlərə süni baryerlər yaratmaq iqtisadi siyasətdə ardıcıllığın olmadığını göstərir.
İnsanlar yenidən nağd pula üstünlük verəcək. Sahibkarlar kart əvəzinə nağd ödəniş istəyəcək. Elektron ödənişlərin həcmi azalacaq. Bankların rəqəmsal xidmətlərinə etimad zəifləyəcək. Kölgə iqtisadiyyatı ilə mübarizə əvəzinə, kölgə dövriyyəsi üçün yeni stimul yaranacaq.
Ən qəribəsi isə odur ki, texnologiyanın süni intellekt, böyük verilənlər və real vaxt risk analizinə əsaslandığı bir dövrdə biz hələ də bütün vətəndaşları eyni qəlibə salan inzibati məhdudiyyətlər tətbiq edirik. XXI əsrin maliyyə sistemini XX əsrin inzibati metodları ilə idarə etmək mümkün deyil.
İqtisadiyyatda etimad bir günə yaranmır, amma bir qərarla sarsıla bilər. Dövlət və bank sektoru vətəndaşı potensial qayda pozucusu kimi deyil, etibarlı tərəfdaş kimi görməlidir. Əks halda, bu qərar kölgə iqtisadiyyatını azaltmayacaq, sadəcə nağd pulun dövriyyəsini artıracaq və rəqəmsal maliyyə sisteminin inkişafını ləngidəcək”.