İspaniyanın Baş naziri Pedro Sançesin həyat yoldaşı Begoña Qomes korrupsiya ittihamları ilə bağlı məhkəmə qarşısına çıxacaq. Madrid məhkəməsinin hakimi Xuan Karlos Peinadonun qərarına əsasən, Qomes ölkədən çıxmamaq şərti ilə məhkəməyə cəlb olunacaq. Onun pasportu təhvil alınacaq və məhkəməyə ayda iki dəfə hesabat verməsi tələb ediləcək. Məhkəmənin konkret tarixi isə hələ müəyyənləşdirilməyib.
SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Qomes Baş nazirin həyat yoldaşı statusundan istifadə edərək müəyyən iş və müqavilələrin əldə olunmasına təsir göstərməkdə şübhəli bilinir. O, bütün ittihamları rədd edir və hər hansı qanunsuzluğa yol vermədiyini bildirir.
İstintaqın əsas istiqamətlərindən biri Qomesin Madrid Komplutense Universitetindəki fəaliyyəti, dövlət resurslarından istifadə və texnologiya şirkətlərinə verilən müqavilələrə mümkün təsiri ilə bağlı iddialardır.
İş İspaniyada sağçı və solçu siyasi qüvvələr arasında ciddi qarşıdurmaya səbəb olub. Sançes və onun rəhbərlik etdiyi Sosialist Partiyası araşdırmanı hökuməti zəiflətməyə yönəlmiş siyasi kampaniyanın tərkib hissəsi hesab edir.
Müxalifət isə hökuməti sərt tənqid edərək Baş nazirin istefasını və növbədənkənar seçkilərin keçirilməsini tələb edir.
Qomesin işi Sançes hökumətinin üzləşdiyi yeganə korrupsiya araşdırması deyil. Baş nazirin bir sıra yaxın siyasi müttəfiqləri də dövlət layihələri, enerji müqavilələri və pandemiya dövründə tibbi maskaların satın alınması ilə bağlı araşdırmalara cəlb olunub. Onlar da ittihamları qəbul etmirlər.
İspaniyanın keçmiş baş naziri Xose Luis Rodriges Sapatero ilə bağlı ayrıca araşdırma da aparılır. O, üçüncü tərəflərin maraqları naminə dövlət qurumlarında lobbiçilik fəaliyyəti həyata keçirən şəbəkəyə rəhbərlik etməkdə ittiham olunur. Sapatero bu iddiaları da rədd edir.