Avqustun 15-dən metroda yeni hərəkət sxemi tətbiq olunacaq - Bəxtiyar Məmmədov

4 Avqust 2026 14:25 (UTC+04:00)

Avqustun 15-dən etibarən Bakı metrosunda xətlərin ayrılması layihəsi çərçivəsində yeni hərəkət sxemi tətbiq ediləcək.

SİA xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov "28 May" stansiyasında xətlərin ayrılması ilə bağlı jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, İçərişəhər–Həzi Aslanov istiqamətində qatarların hərəkəti əvvəlki qaydada davam edəcək və 28 May stansiyası normal iş rejimində fəaliyyət göstərəcək. Bu xətt üzrə hərəkət edən qatarlar 28 May stansiyasında dayanacaqlar.

Bəxtiyar Məmmədov bildirib ki, əsas dəyişiklik 28 May–Nizami mənzilində tətbiq olunacaq. Belə ki, avqustun 15-dən etibarən 28 Maydan Nizami istiqamətinə qatarların hərəkəti dayandırılacaq və xətlərin ayrılması layihəsi başa çatanadək hərəkət tamamilə yeni sxem üzrə təşkil ediləcək.

O qeyd edib ki, layihə müddətində qatarlar Dərnəgül–Nizami istiqamətində hərəkət edəcək. İki xətt arasında sərnişin daşınmasının təmin olunması məqsədilə yerüstü ictimai nəqliyyatın işi də uyğun şəkildə tənzimlənəcək.

Mətbuat katibi vurğulayıb ki, layihənin icrası təxminən 10-11 ay davam edəcək.

Onun sözlərinə görə, noyabr ayından etibarən İçərişəhər–Həzi Aslanov istiqamətində qatarların hərəkət intervalı 2 dəqiqə 30 saniyə, Dərnəgül–Nizami istiqamətində isə 3 dəqiqə 30 saniyə olacaq. Bu məqsədlə İçərişəhər stansiyasında gücləndirmə işləri aparılıb, əlavə maşinistlər cəlb olunub və qatarların stansiyanı daha operativ tərk etməsi üçün zəruri tədbirlər görülüb.

Bəxtiyar Məmmədov əlavə edib ki, metro xətləri arasında fəaliyyət göstərəcək ekspres avtobuslar ödənişli olacaq.