"Manatın sabit məzənnəsi makroiqtisadi sabitliyə xidmət edir" - İQTİSADÇI

4 Avqust 2026 10:35 (UTC+04:00)

“Manatın məzənnəsinin sabit qalması iqtisadiyyat üçün bir sıra mühüm üstünlüklər yaradır”. Bu sözləri SİA-ya açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib.

Onun sözlərinə görə, ilk növbədə, qiymət sabitliyini dəstəkləyir və idxal olunan məhsulların bahalaşmasının qarşısını alır: “Bu, inflyasiyanın nəzarətdə saxlanmasına kömək edir və əhalinin alıcılıq qabiliyyətini qoruyur. Sabit məzənnə biznesin planlaşdırmasını asanlaşdırır, xarici borcların ödənilməsi risklərini azaldır və investorlar üçün daha proqnozlaşdırılan iqtisadi mühit formalaşdırır.

Bununla yanaşı, uzun müddət dəyişməyən məzənnənin müəyyən riskləri də var. Əgər milli valyutanın real dəyəri iqtisadi göstəricilərlə uyğun gəlməzsə, bu, ixracın rəqabət qabiliyyətini zəiflədə və qeyri-neft sektorunun inkişafını ləngidə bilər. Məzənnənin sabit saxlanılması üçün valyuta ehtiyatlarından istifadə zərurəti yaranır ki, bu da xarici şoklar zamanı əlavə təzyiq yaradır. Həmçinin, iqtisadiyyatın neft gəlirlərindən asılı olduğu şəraitdə enerji qiymətlərinin kəskin azalması sabit məzənnənin qorunmasını çətinləşdirə bilər.

Nəticə etibarilə, manatın sabit məzənnəsi qısamüddətli dövrdə makroiqtisadi sabitliyə və qiymətlərin nəzarətdə saxlanmasına xidmət etsə də, uzunmüddətli perspektivdə bu siyasətin davamlı olması üçün iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft ixracının artırılması və valyuta ehtiyatlarının kifayət qədər güclü saxlanılması vacibdir”.