Hazırda Novruzun Türkiyədə rəsmi bayram elan edilməsi ilə bağlı işlər yekunlaşır. Eyni zamanda, Türk dünyasının vahid Turizm Kartının tətbiqi məsələsi də müzakirə edilir. İnanırıq ki, yaxın gələcəkdə TDT-yə üzv bütün ölkələrin vətəndaşları şəxsiyyət vəsiqələri ilə qarşılıqlı səfərlər edə biləcəklər.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Türkiyədə hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) Türk dünyası ilə əlaqələr üzrə sədr müavini, professor Kürşad Zorlu Ankarada bu şəhərin “Türk Dünyasının Turizm Paytaxtı – 2026” elan olunması münasibətilə keçirilən mərasimdə danışıb.
O bildirib ki, Türkiyə Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrlə əməkdaşlığın maksimum səviyyədə inkişaf etdirilməsinə hazırdır.
Kürşad Zorlunun sözlərinə görə, hər il təxminən 1 milyon Türkiyə vətəndaşı qardaş türk dövlətlərinə səfər edir, TDT ölkələrindən isə 3,5 milyondan çox vətəndaş Türkiyəyə gəlir.
“Lakin bu kifayət deyil. Qarşılıqlı dialoqun, o cümlədən qeyri-hökumət təşkilatları səviyyəsində əməkdaşlığın inkişafı üçün yeni stimul yaradılmalıdır”, – deyə siyasətçi vurğulayıb.
Kürşad Zorlu Türk dünyasında nəqliyyat-logistika təşəbbüslərinin, o cümlədən Zəngəzur dəhlizi layihəsinin həyata keçirilməsinin əhəmiyyətinə də diqqət çəkib.