162 nömrəli avtobusdan istifadə edən sakinlər marşrutun fəaliyyəti ilə bağlı ciddi narazılıqlarını bildirirlər. Onların sözlərinə görə, avtobusların hərəkət intervalı normadan artıqdır və bəzən dayanacaqda 30-45 dəqiqə gözləməli olurlar.
Bu barədə SİA-ya şikayət daxil olub.
Sakinlər iddia edirlər ki, bu problemlə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də, indiyədək məsələ öz həllini tapmayıb. Onların sözlərinə görə, marşrut üzrə avtobusların azlığı xüsusilə işə gedib-gələn insanlar, yaşlılar və səhhətində problem olan şəxslər üçün ciddi çətinlik yaradır.
Şikayətçilər bildirirlər ki, məsul şəxslər vəziyyəti yerində qiymətləndirsələr, problemin miqyası daha aydın görünər. Onların fikrincə, aidiyyəti qurumun əməkdaşları marşrutdan adi sərnişin kimi istifadə etsələr, dayanacaqlarda yaranan uzun gözləmə və sıxlıqla özləri də qarşılaşarlar.
Sakinlər 162 nömrəli marşrut üzrə avtobusların sayının artırılmasını, hərəkət intervalının qısaldılmasını və problemin qısa zamanda həll edilməsini tələb edirlər.