Azərbaycan - Qırğızıstan əlaqələri iqtisadi tərəfdaşlıqdan, siyasi müttəfiqliyə yüksəlir - TƏHLİL

3 Avqust 2026 14:51 (UTC+04:00)

Son vaxtlar Azərbaycan Mərkəzi Asiya ölkələri ilə, xüsusilə də Qırğızıstanla geniş iqtisadi, siyasi, ticarət və digər sahələr üzrə geniş əməkdaşlıq münasibətləri qurub və bu əlaqələr getdikcə daha da dərinləşdir. Təbii ki, bu əlaqələr hər iki xalqın maraqlarına uyğun olaraq inkişaf etdirilməsində Azərbaycan Prezidenti İlham Əliyevin və Qırğızıstan Prezidenti Sadır Japarov müstəsna xidmətləri mövcuddur. Bu iki liderin müdrik siyasətləri nəticəsində Azərbaycanla Qırğızıstan təkcə regional layihələrin icrasında deyil, həm də beynəlxalq müstəvidə bir-birinin mövqelərini dəstəkləyirlər. İqtisadiyyat, ticarət, kənd təsərüfatı əlaqələri hər il artır. 2026-cı ilin iyulun 1-nə olan məlumata görə, Azərbaycanda kənd təsərrüfatı, sənaye, tikinti, ticarət, nəqliyyat, xidmət sektorlarında Qırğızıstan investisiyalı 97 kommersiya qurumu qeydiyyatdadır, onlardan 39-nun fəaliyyəti aktivdir. İndiyədək Azərbaycandan Qırğızıstana birbaşa investisiya axınlarının həcmi 68,8 milyon dollar təşkil edir. Qırğızıstandan isə Azərbaycana birbaşa investisiya 25,2 milyon dollardır və bu, əsasən qeyri-neft-qaz sektorunun payına düşür. 1997-ci il avqustun 28-də iki ölkə arasında sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında saziş imzalanıb və qüvvədədir. Bu ilin yanvar-iyun aylarında Azərbaycan və Qırğızıstan arasında ticarət dövriyyəsi təxminən 29 milyon ABŞ dolları olub. Yarım ildə Azərbaycandan Qırğızıstana 25,5 milyon dollarlıq məhsul ixrac olunub, Qırğızıstandan ölkəmizə isə 3,4 milyon dollarlıq məhsul idxal edilib. Keçən il isə iki ölkə arasında ticarət dövriyyəsi 77,1 milyon dollardan çox olub. Bütün bu kimi yüksək səviyyədə qurulan əlaqələr xalqlar arasında qarşılıqlı etimadı daha da möhkəmləndirir. Azərbaycan 30 il Ermənistanın işğalı altında olmuş torpaqlarını azad etdikdən sonra ərazilərdə təmir, tikinti, quruculuq işlərinin aparılmasında xarici ölkələr arasında ilk olaraq dəstək götərən, yardımlar edən ölkələrdən biri də Qırğızıstan oldu. Rəsmi Bişkek Azərbaycanın azad edilmiş ərazilərində infrastruktur layihələrinin həyata keçirilməsində, xüsusilə də, Ağdam rayonunun Xıdırlı kəndində Ayköl Manas adına tam orta məktəbin tikintisində fəal iştirak etmişdir.

Söz yox ki, Azərbaycanla Qırğızıstan münasibətləri bundan sonra daha da inkişaf edəcək. Çünki bunun üçün siyasi iradə, prezidentlərin müdrik qərarları və xalqların istəkləri mövcuddur. İyulun 31-də Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi keçirilib. Qırğızıstan Prezidenti Sadır Japarov 1-ci dərəcəli "Manas" ordenini Prezident İlham Əliyevə təqdim edib. Prezident İlham Əliyev isə "Heydər Əliyev" ordenini Qırğızıstan Respublikasının Prezidenti Sadır Japarova təqdim edib. Bu təltifetmə mərsimi dostluğun və qardaşlığın davamlı olacağının təsdiqidir. Azərbaycan Prezidenti İlham Əliyevin Qırğızıstana dövlət səfəri zamanı 14 sənəd imzalandı. Şuşa–Çolpon-Ata, Qəbələ–Karakol və Gəncə–Oş şəhərləri arasında qardaşlaşma, "AzerGold" ilə "Kyrgyzaltyn" arasında əməkdaşlıq memorandumları imzalnıb. Ən diqqəti cəlb edən müqavilələrdən biri isə "Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə" imzalanmasıdır. Bu müqavilə hər iki dövlətin və xalqlarının marqlarına cavab verir və haqlı olaraq müqavilənin imzalanmasını tarxi hadisə hesab olunur. Qırğızıstandan olan politoloq Mars Sariyev müttəfiqlik münasibətləri haqqında Müqavilənin imzalanmasını Qırğızıstan-Azərbaycan əməkdaşlığının keyfiyyətcə yeni səviyyəyə yüksəldiyinin göstəricisi adlandırıb Bildirib ki, bu, təkcə rəmzi siyasi akt deyil, həm də strateji tərəfdaşlıq üçün uzunmüddətli hüquqi bazanın yaradılması deməkdir: "Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri zamanı Çolpon-Atada Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilənin imzalanması ilə bağlı fikirlərini bölüşüb.

Politoloq qeyd edib: "Müqavilə regional təhlükəsizlik, xarici siyasət, nəqliyyat, enerji və iqtisadi məsələlər üzrə daha sıx koordinasiyanı təmin edir. Bu, Qırğızıstana yeni Avrasiya nəqliyyat marşrutlarının inkişafında iştirak etmək üçün əlavə imkanlar verir. Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu və Orta Dəhlizin inkişafı ilə birlikdə, Azərbaycanla müttəfiqlik də Qırğızıstan mallarının Qafqaz, Türkiyə və Avropa bazarlarına çıxışını əhəmiyyətli dərəcədə genişləndirir. Sənəd, həmçinin Qırğızıstanın inkişaf etməkdə olan çoxqütblü dünyada beynəlxalq mövqeyini gücləndirir. Bişkek Avrasiyanın əsas logistika və enerji mərkəzlərindən birinə çevrilən dövlətlə əməkdaşlığı gücləndirir".

Ekspertin fikrincə, imzalanan sənəd Qırğızıstanın Şanxay Əməkdaşlıq Təşkilatına sədrliyi dövründə xüsusi əhəmiyyət kəsb edir.

Mars Sariyev onu da qeyd edib ki, bu gün Avrasiya Yaxın Şərqdə qeyri-sabitlik, Əfqanıstandakı risklər, beynəlxalq nəqliyyat dəhlizlərinə təhdidlər, terrorizm, kibertəhdidlər və hibrid müharibənin digər təzahürləri kimi yeni çətinliklərlə üzləşir: "Belə olan şəraitdə Qırğızıstan ilə Azərbaycan arasında müttəfiqlik münasibətləri daha geniş regional sabitlik sisteminin elementinə çevrilir. Hazırda mahiyyət etibarilə yeni Avrasiya məkanının formalaşmasının şahidi oluruq və bu kontekstdə Mərkəzi Asiya, Cənubi Qafqaz və potensial olaraq Əfqanıstan vahid geoiqtisadi və geosiyasi konstruksiyanın bir-biri ilə əlaqəli elementlərinə çevrilir.Coğrafi mövqeyi və fəal xarici siyasəti sayəsində Qırğızıstan bu yeni arxitekturanın əsas qovşaqlarından birinə çevrilmək imkanına malikdir və ŞƏT-ə sədrliyi Bişkekə əməkdaşlıq qaydalarının hazırlanmasında, həmçinin müasir təhlükəsizlik çağırışlarına kollektiv cavab verilməsində iştirak etmək üçün əlavə imkan yaradır".

Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri çərçivəsində keçirilən görüşlər, imzalanan sənədlər və mətbuat üçün səsləndirilən bəyanatlar iki dövlət arasında münasibətlərin yüksək xarakter daşıdığını bir daha təsdiqlədi. Səfər zamanı Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şuranın 3-cü iclası çərçivəsində dövlət başçıları tərəfindən Dövlətlərarası Şuranın 3-cü iclasının Qərarı imzalanıb. Qərarda iki ölkə arasında münasibətlərin artıq müttəfiqlik səviyyəsinə yüksəlməsinin xüsusi vurğulanması Azərbaycan-Qırğızıstan əlaqələrinin keyfiyyətcə yeni mərhələyə daxil olduğunu nümayiş etdirir. Bu, tərəflərin yalnız siyasi məsələlərdə deyil, iqtisadiyyat, enerji, nəqliyyat, investisiya, humanitar əməkdaşlıq və təhlükəsizlik kimi istiqamətlərdə də uzunmüddətli və sistemli tərəfdaşlıq qurmaq niyyətini əks etdirir.

Göründüyü kimi, Azərbaycan Prezidenti İlham Əliyevin iyulun 31-də Qırğızıstan Respublikasına dövlət səfəri iki ölkə arasında münasibətlərin inkişafında mühüm siyasi hadisədir. Eyni zamanda səfər çərçivəsində keçirilən görüşlər, imzalanan sənədlər, qəbul edilən qərarlar və dövlət başçılarının mətbuata verdikləri bəyanatlar Azərbaycan ilə Qırğızıstan arasında əməkdaşlığın bundan sonra daha sıx, səmərli və hər iki xaıqlın mənafeynə xidmət edəcəyini göstərir.

İ.ƏLİYEV