Disleksiya öyrənmə çətinliklərindən biridir və əsasən oxuma, yazma və sözləri düzgün tanıma bacarıqlarına təsir edir. Bu, uşağın və ya böyüyün zəka səviyyəsinin aşağı olması demək deyil. Əksinə, disleksiyası olan insanların əksəriyyətinin intellekti normal və ya yüksək olur.
Bu sözləri SİA-ya psixoloq Zeynəb Eyyubova deyib.

O bildirib ki, disleksiyası olan şəxslər hərfləri qarışdıra, sözləri yavaş oxuya, oxuduğunu anlamaqda çətinlik çəkə və yazarkən orfoqrafik səhvlərə daha çox yol verə bilərlər. Bu çətinliklər erkən yaşlarda aşkar edildikdə və düzgün dəstək göstərildikdə, uşaqlar uğurla təhsil ala və potensiallarını reallaşdıra bilərlər:
“Valideynlərin diqqət etməli olduğu əsas məqam odur ki, uşağı tənbəl və ya diqqətsiz adlandırmaq əvəzinə, onun çətinliyinin səbəbini araşdırmaq lazımdır. Erkən diaqnostika və fərdi yanaşma çox önəmlidir.
Psixoloq olaraq vurğulamaq istərdim ki, disleksiya xəstəlik deyil. Bu, beynin məlumatı emal etməsinin fərqli üsuludur. Düzgün psixoloji dəstək, xüsusi tədris metodları və ailənin anlayışlı münasibəti ilə disleksiyası olan uşaqlar həm akademik, həm də sosial həyatda uğur qazana bilərlər.
Ən vacib mesaj isə budur: Disleksiya uşağın gələcəyini müəyyən etmir. Vaxtında göstərilən dəstək onun özünəinamını qoruyur və bacarıqlarını inkişaf etdirməsinə kömək edir”.
Ayşən Vəli