"Abbas Əraqçinin Səudiyyə Ərəbistanı, Pakistan və İraq rəsmiləri ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə etməsi regionda artan gərginlik fonunda təbii diplomatik fəallığın göstəricisidir".
Bunu SİA-ya açıqlamasında politoloq Rəşad Bayramov deyib.

Onun sözlərinə görə, bu təmaslar Yaxın Şərqdə təhlükəsizlik arxitekturasının mürəkkəbləşdiyi, müxtəlif regional və qlobal aktorlar arasında qarşıdurma risklərinin daah da artdığı bir dövrdə baş verir. İranın bu ölkələrlə yüksək səviyyəli əlaqə saxlaması ilk növbədə regional proseslərə təsir imkanlarını qorumaq və mümkün böhranların idarə olunmasında diplomatik kanallardan istifadə etmək məqsədi daşıyır:
"Səudiyyə Ərəbistanı ilə aparılan müzakirələr xüsusi əhəmiyyət kəsb edir. Belə ki, Tehran və Ər-Riyad uzun müddət regional rəqabətin əsas tərəfləri qismində çıxış ediblər. İndi isə Səudiyyə Ərəbistanın Yəmən istiqamətində aktivləşməsi və İranın proksi qüvvəsi hesab olunan Hüsilərə qarşı koalisiya qurması Tehranı təbii olaraq narahat edir. Odur ki, iki ölkə arasında dialoqun davam etdirilməsi Yaxın Şərqdə sabitliyin qorunması baxımından mühüm amil hesab olunur. Çünki İran və Səudiyyə Ərəbistanı arasındakı münasibətlər yalnız ikitərəfli əlaqələrə deyil, həm də İraq, Suriya, Yəmən, Livan və Körfəz regionundakı proseslərə təsir göstərir. Bu səbəbdən Tehran və Ər-Riyad arasında hər hansı diplomatik təmas regional eskalasiyanın qarşısının alınması baxımından əhəmiyyət daşıyır.
İraq və Pakistanla aparılan danışıqlar da təsadüfi deyil. İraq coğrafi baxımdan İranın ən yaxın qonşularından biridir və həm İran, həm də ərəb dünyası ilə əlaqələri olan mühüm regional dövlətdir. Bağdad uzun müddətdir müxtəlif tərəflər arasında diplomatik balans yaratmağa çalışan ölkələrdən biri kimi çıxış edir. Pakistan isə İranla sərhədə malik olmaqla yanaşı, Körfəz regionu və Cənubi Asiya arasında strateji mövqeyə sahibdir. Üstəlik Pakistan həm də ABŞ və İran arasında vasitəçi qismində çıxış edən ölkələrdən biridir və İslamabadın regional təhlükəsizlik məsələlərində mövqeyi Tehran üçün xüsusi əhəmiyyət kəsb edir.
Ümumilikdə isə Əraqçinin regional ölkələrin nümayəndələri ilə keçirdiyi danışıqlar bir daha onu göstərir ki, Yaxın Şərqdə diplomatiya təhlükəsizlik məsələlərinin əsas alətlərindən biri olaraq qalır. Hazırkı şəraitdə əsas çağırış qarşıdurmaların genişlənməsinin qarşısını almaq və regional sabitliyi qorumaqdır. İranın bu istiqamətdə fəallaşması isə həm öz maraqlarını qorumaq, həm də dəyişən regional balansda diplomatik mövqeyini möhkəmləndirmək cəhdi kimi qiymətləndirilə bilər".