"Diplom vacibdir, amma bilik və təcrübə daha həlledicidir" - EKSPERT AÇIQLADI

3 Avqust 2026 11:43 (UTC+04:00)

"İşə qəbul zamanı həm diplom, həm də bilik, bacarıq və təcrübə mühüm əhəmiyyət daşıyır. Lakin burada bir məqamı xüsusilə qeyd etmək lazımdır: diplom bir vasitədir, bilik, bacarıq və təcrübə isə əmək bazarında uğur qazanmaq və işə qəbul olunmaq üçün əsas amillərdir".

Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti Ramin Nurəliyev deyib.

O bildirib ki, hər bir gənc ali təhsil müəssisəsində təhsil alarkən gələcəkdə öz ixtisası üzrə əmək bazarına daxil olmaq üçün müvafiq diplom əldə etməlidir:

"Bununla yanaşı, o, bilik və bacarıqlarını da daim inkişaf etdirməlidir. Bu amillər bir-birini tamamlayır. Yalnız diplomun olması həmin şəxsin əmək bazarına birbaşa qəbul olunacağı anlamına gəlmir.

Müasir əmək bazarının özünəməxsus tələbləri var. Keçmişdə universiteti bitirən şəxslər işlə təmin olunacaqlarına daha çox arxayın ola bilirdilər. Lakin hazırkı əmək bazarında rəqabət daha güclüdür. Bu gün gənclər öz sahələri üzrə daha hazırlıqlı, bilikli və bacarıqlı olmağa çalışmalıdırlar. İşəgötürən də təbii olaraq həmin vəzifə üçün daha uyğun və peşəkar namizədi seçir.

Dövlət qurumlarında keçirilən imtahanlar da məhz daha hazırlıqlı namizədlərin müəyyənləşdirilməsi məqsədi daşıyır. Dövlət qulluğu üzrə imtahanlar, müəllimlərin işə qəbulu imtahanları və müxtəlif dövlət qurumlarının təşkil etdiyi digər seçim prosesləri namizədlərin bilik və bacarıqlarının qiymətləndirilməsinə xidmət edir.

Bu baxımdan gənclər həm əmək bazarının tələblərinə uyğun ixtisas seçməli, həm də seçdikləri sahə üzrə bilik və bacarıqlara dərindən yiyələnməlidirlər. Universitetdə təhsil aldıqları dövrdə təcrübə proqramlarına və könüllülük layihələrinə qoşulmaları da olduqca vacibdir.

Əlbəttə, universiteti yeni bitirmiş bir gəncdən uzunmüddətli iş stajı tələb olunması bəzən məntiqli görünmür. Çünki həmin şəxs əmək fəaliyyətinə yeni başlayır. Lakin tələbə təhsil aldığı müddətdə öz ixtisası üzrə praktiki biliklərini inkişaf etdirməyə çalışmalıdır.

Məsələn, hüquq ixtisası üzrə təhsil alan tələbə yay tətili dövründə dövlət və ya özəl sektorda, hüquq şirkətlərində və ya müvafiq qurumlarda təcrübə keçməyə çalışmalıdır. Bu, ona universitetdə əldə etdiyi nəzəri bilikləri praktikada tətbiq etmək, peşənin xüsusiyyətlərini daha yaxından öyrənmək və əmək bazarına daha hazırlıqlı şəkildə daxil olmaq imkanı yaradar.

Təəssüf ki, bəzi tələbələr universitet illərində özlərini inkişaf etdirməyə kifayət qədər diqqət ayırmırlar. Onlar əlavə bilik və bacarıqlar əldə etmir, təcrübə proqramlarına qoşulmurlar və yalnız diplom almaqla kifayətlənirlər. Bununla yanaşı, bəzi ali təhsil müəssisələrində praktiki tədrislə bağlı müəyyən problemlər də mövcuddur.

Bir sıra universitetlərdə tələbələrə kifayət qədər praktiki bilik və bacarıqlar aşılanmır. Məsələn, tikinti mühəndisliyi, elektrik və elektronika mühəndisliyi kimi ixtisaslarda təhsil alan tələbələr bəzən yalnız son kursda istehsalat təcrübəsinə göndərilirlər. Lakin bu, hər zaman gözlənilən nəticəni vermir.

Beynəlxalq təhsil təcrübəsinə nəzər saldıqda görürük ki, bir çox ölkədə nəzəri və praktiki tədris paralel şəkildə təşkil olunur. Tələbələr artıq ilk kurslardan laboratoriya məşğələlərinə, praktiki dərslərə və ixtisasları üzrə müxtəlif fəaliyyətlərə cəlb edilirlər. Beləliklə, onlar yalnız son kursda təcrübə keçməyi gözləmirlər, təhsil müddəti ərzində mərhələli şəkildə peşə bacarıqlarına yiyələnirlər.

Bizdə isə bəzi hallarda praktiki tədris əsasən müəyyən bir semestrdə və ya son kursda həyata keçirilir. Bu isə təcrübənin keyfiyyəti və səmərəliliyi ilə bağlı suallar yarada bilər. Əgər ali təhsil müəssisələri əmək bazarı üçün kadr hazırlayırsa, praktiki tədrisin həcmi və keyfiyyəti artırılmalıdır.

Praktiki biliklər yalnız bir semestr ərzində deyil, bütün təhsil dövrü boyunca, beynəlxalq təcrübəyə uyğun şəkildə inkişaf etdirilməlidir. Tələbə ixtisas fənlərini öyrənməyə başladığı andan həmin sahənin praktiki tərəfləri ilə də tanış olmalıdır. Məsələn, tələbə ikinci kursdan ixtisas fənlərini keçməyə başlayırsa, həmin dövrdən etibarən müvafiq praktik fəaliyyətlərə də cəlb oluna bilər.

Düşünürəm ki, bu istiqamətdə müəyyən problemlər mövcuddur və onların zamanla həll olunacağına ümid edirəm.

Sualınıza qayıtsaq, işə qəbul zamanı təcrübə daha vacibdir, yoxsa diplom? Mən bunu belə ifadə edərdim: diplom bir vasitədir, əsas isə insanın bilik və bacarığıdır. Təcrübə də əmək bazarına daxil olmaq və işə qəbul olunmaq üçün çox vacibdir. Əgər bu iki amildən hansının daha üstün olduğunu seçməli olsaq, mən təcrübəni daha önəmli hesab edərdim. Çünki təcrübə insanın əldə etdiyi nəzəri bilikləri praktikada tətbiq edə bildiyini və real iş mühitinə nə dərəcədə hazır olduğunu göstərir".