Avqustun 1-də və 2-də ölkə ərazisində qeydə alınan 69, əvvəlki dövrlərdən bağlı qalan 15 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin edilib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən SİA-ya bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 73, o cümlədən borclu şəxs qismində axtarışda olan 46, ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 9 və dələduzluğa görə axtarışda olan 13 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Həmçinin narkotiklərlə əlaqəli 32 fakt müəyyən edilib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə ümumi çəkisi 22,3 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb. Eləcə də kultivasiya yolu ilə yetişdirilmiş 23 çətənə kolu aşkar olunaraq götürülüb, yabanı halda bitmiş 2 ton çəkidə 1321 çətənə kolu isə aşkarlanaraq məhv edilib.
Eyni zamanda, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 7 fakt müəyyən olunub. Paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 4 avtomat silahı, 3 tüfəng, 6 patron darağı və 128 müxtəlif çaplı patron aşkar edilərək götürülüb.
Cinayət törətməkdə şübhəli bilinən 69 nəfər də saxlanılıb.