"Müəllimlər rəqəmsal bacarıqlarını inkişaf etdirməlidirlər" - TƏHSİL EKSPERTİ

3 Avqust 2026 11:37 (UTC+04:00)

"Rəqəmsal texnologiya kifayət qədər müəllimlərə təsir göstərir". Bu sözləri SİA-ya açıqlamasında elm və təhsil məsələləri üzrə mütəxəssis Elçin Əfəndi deyib.

Onun sözlərinə görə, burada, ümumiyyətlə, bu istiqamətdə bilik və bacarıqların formalaşması vacibdir: "Onlar həm süni zəka istiqamətində, həm də rəqəmsal bacarıqlar istiqamətində, demək olar ki, öz bilik və bacarıqlarını inkişaf etdirməlidirlər ki, artıq dərslərin həm interaktiv üsulla tədrisi, eyni zamanda süni zəka alətlərinin tədris prosesinə tətbiqi onlar tərəfindən icra edilə bilsin.

Əks halda, deyərdim ki, müəllimlər bu istiqamətdə bilikli deyildirlərsə, gələcəkdə süni zəkaya uduzmuş olacaqlar. Ona görə də rəqəmsal texnologiya nə qədər inkişaf edirsə, müəllimlər də özlərini bir o qədər inkişaf etdirməli, süni zəka alətlərini, eyni zamanda rəqəmsal texnologiyanın vermiş olduğu imkanları mənimsəməlidirlər.

Bununla bağlı düşünürəm ki, eyni zamanda müvafiq qurumlar tərəfindən də müəllimlər üçün hansısa təlimlərin keçirilməsi, yəni özünü inkişaf etdirməklə bağlı təlimlərin olması, müəyyən maarifləndirici tədbirlərin həyata keçirilməsi də vacibdir. Belə olduğu təqdirdə, həmin bilik və bacarıqlar daha yaxşı formalaşa bilər və müəllimlər rəqəmsal texnologiyaların, eləcə də süni zəka alətlərinin tədris prosesində tətbiqini daha səmərəli şəkildə həyata keçirə bilərlər".