"Çolpon-Ata görüşü Türk dünyasında yeni strateji mərhələnin əsasını qoyur" - POLİTOLOQ

3 Avqust 2026 11:19 (UTC+04:00)

"Çolpon-Ata görüşü Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında münasibətlərin sadəcə növbəti diplomatik mərhələsi deyil, bütövlükdə Türk dünyasının geosiyasi arxitekturasında yeni strateji mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər". Bu sözləri SİA-ya açıqlamasında politoloq Tural İsmayılov deyib.

Onun sözlərinə görə, görüşdə formalaşan siyasi iradə göstərdi ki, tərəflər əməkdaşlığı ikitərəfli formatdan çıxararaq vahid regional inkişaf modelinə çevirmək niyyətindədirlər: "Çolpon-Ata Bəyannaməsi də bu baxımdan siyasi inteqrasiyanın gələcək konturlarını müəyyən edən mühüm sənəd kimi diqqət çəkir.

Azərbaycan artıq Mərkəzi Asiyanı Avropa bazarları ilə birləşdirən ən etibarlı nəqliyyat və logistika mərkəzidir. Orta Dəhlizin inkişafı, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının imkanlarının genişlənməsi, Bakı–Tbilisi–Qars dəmir yolu və Xəzər üzərindən daşımaların artması Mərkəzi Asiya ölkələrinin ixrac imkanlarını əhəmiyyətli dərəcədə artırır. Çolpon-Atada əldə olunan razılaşmalar bu marşrutların daha koordinasiyalı və səmərəli işləməsinə, eyni zamanda regionun qlobal ticarət xəritəsində mövqeyinin möhkəmlənməsinə yeni təkan verə bilər.

Digər mühüm istiqamət enerji təhlükəsizliyidir. Azərbaycan yaşıl enerji, elektrik ötürücü xətləri və karbohidrogen resurslarının dünya bazarlarına çıxarılması baxımından Mərkəzi Asiya dövlətləri üçün etibarlı tərəfdaş rolunu daha da gücləndirir. Xəzər hövzəsində ortaq enerji layihələrinin genişlənməsi həm iqtisadi inteqrasiyanı dərinləşdirəcək, həm də regionun qlobal enerji təhlükəsizliyində çəkisini artıracaq.

Çolpon-Ata görüşü həm də geosiyasi baxımdan mühüm mesaj verdi. Dünyada rəqabətin və qeyri-müəyyənliyin artdığı bir dövrdə Azərbaycan və Mərkəzi Asiya dövlətləri qarşılıqlı etimada, suverenliyə hörmətə və praqmatik əməkdaşlığa əsaslanan yeni regional model formalaşdırırlar. Bu model kənar geosiyasi qarşıdurmalardan deyil, ortaq maraqlardan və qarşılıqlı faydadan qaynaqlanır.

Ən vacib məqamlardan biri isə Türk dünyasının institusional inteqrasiyasının güclənməsidir. Çolpon-Ata görüşü göstərdi ki, ortaq tarix və mədəni bağlar artıq konkret iqtisadi, siyasi, nəqliyyat və təhlükəsizlik layihələri ilə tamamlanır. Bu isə Türk Dövlətləri Təşkilatının real iqtisadi-siyasi platformaya çevrilməsi istiqamətində mühüm addımdır.

Çolpon-Ata görüşü Azərbaycanın Mərkəzi Asiya siyasətində yeni imkanlar açmaqla yanaşı, ölkəmizin Avrasiya məkanında strateji körpü rolunu daha da möhkəmləndirir. Prezident İlham Əliyevin həyata keçirdiyi çoxşaxəli xarici siyasət kursu Azərbaycanın etibarlı tərəfdaş və təşəbbüskar dövlət kimi nüfuzunu artırır. Bu görüşün nəticələri yaxın illərdə ticarət dövriyyəsinin artması, nəqliyyat dəhlizlərinin genişlənməsi, enerji əməkdaşlığının dərinləşməsi və Türk dünyasının daha sıx inteqrasiyası ilə öz real ifadəsini tapacaq".