"Son bir neçə ildə Azərbaycanda peşə təhsilinə diqqət və maraq nəzərəçarpacaq dərəcədə artıb. Bu sahə həm cəmiyyət arasında daha çox maraq doğurmağa başlayıb, həm də dövlət siyasətinin mühüm istiqamətlərindən birinə çevrilib".
Bunu SİA-ya açıqlamasında təhsil eksperti Məzahir Məmmədli deyib.
_(1)_(1)_(1).jpg)
Onun sözlərinə görə, peşə təhsili müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, müasir avadanlıqlarla təmin olunması və əmək bazarının tələblərinə uyğun kadrların hazırlanması bu sahənin inkişafına müsbət təsir göstərir:
"Eyni zamanda, ümumtəhsil məktəblərinin yuxarı siniflərində oxuyan və peşə təhsilinə yönəlmək istəyən şagirdlərin sayının artması da göstərir ki, cəmiyyətin peşə təhsilinə münasibəti dəyişir və bu istiqamətə maraq getdikcə güclənir.
Bunun əsas səbəblərindən biri ali təhsil müəssisələrinin bəzi məzunlarının əmək bazarında öz ixtisasları üzrə iş tapmaqda çətinlik çəkməsidir. Peşə təhsili isə əmək bazarının mövcud tələblərinə uyğun ixtisaslar üzrə praktiki bilik və bacarıqlar əldə etməyə imkan yaradır. Bu baxımdan peşə təhsili xüsusilə 9-cu sinfi bitirən gənclərin diqqətini cəlb edir.
Hazırda peşə təhsili müəssisələrinə ali təhsili olan şəxslərin də yenidən müraciət etməsi müşahidə olunur. Onlar müəyyən peşə üzrə ixtisaslaşmaq, işlədikləri sahə ilə bağlı bilik və bacarıqlarını artırmaq, yaxud yeni peşə vərdişləri əldə etmək məqsədilə peşə təhsilinə yönəlirlər. Bu da göstərir ki, peşə təhsili yalnız orta təhsil pilləsindən sonra seçilən istiqamət deyil, həm də insanların peşəkar inkişafı və yenidən ixtisaslaşması üçün mühüm imkan yaradır.
Digər vacib məsələ əmək bazarının ehtiyaclarına uyğun mütəxəssislərin hazırlanmasıdır. Bunun üçün peşəkar müəllimlərə, təcrübəli istehsalat ustalarına və müasir tədris imkanlarına ehtiyac var. Son illərdə bir sıra peşə təhsili müəssisələrinin yenidən qurulması, maddi-texniki bazasının gücləndirilməsi və müasir laboratoriyaların yaradılması bu baxımdan mühüm addımlardır.
Məsələn, Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi turizm sahəsi üzrə ixtisaslaşıb. Burada turizm və xidmət sahələri ilə yanaşı, meyvə və tərəvəzlərin emalı, o cümlədən meyvələrin qurudulması istiqamətində müasir avadanlıqlardan istifadə olunur.
Bərdə Peşə Təhsil Mərkəzində aqrar sahə üzrə ixtisasların tədrisinə daha çox üstünlük verilir. Cəlilabad Peşə Təhsil Mərkəzində isə heyvandarlıq və kənd təsərrüfatı istiqamətləri üzrə praktiki tədris imkanları yaradılıb. Burada kənd təsərrüfatı texnikalarının, o cümlədən traktorların və digər texnikaların idarə olunması ilə bağlı bilik və bacarıqlar öyrədilir. Eyni zamanda, qızların da bu sahələrə daha fəal cəlb olunması istiqamətində təşəbbüslər həyata keçirilir.
Lənkəran Peşə Təhsil Mərkəzində otelçilik və xidmət sahələri üzrə ixtisaslar tədris olunur. Tədrisin praktik istiqamətdə təşkili üçün burada müvafiq şərait və imkanlar yaradılıb.
Bakıdakı peşə təhsili müəssisələrində isə əmək bazarında yaranan yeni tələblərə uyğun ixtisaslar formalaşdırılır. Məsələn, alternativ enerji sistemlərinin quraşdırılması, günəş panellərinin montajı və texniki xidməti, müxtəlif texniki peşələr üzrə ustaların hazırlanması bu istiqamətdə mühüm əhəmiyyət daşıyır.
Bir sözlə, bu gün Azərbaycanda peşə təhsilinə diqqət kifayət qədər artıb. Hesab edirəm ki, bu sahənin dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilməsi və dövlət dəstəyi ilə inkişaf etdirilməsi peşə təhsilinin cəmiyyətdə daha çox tanınmasına və maraq qazanmasına səbəb olub.
Peşə təhsili müəssisələrində müasir ixtisasların tədris olunması, praktiki bacarıqların formalaşdırılması və məzunların əmək bazarında iş tapmaq imkanlarının artması da bu sahəyə marağı gücləndirir. Bütün bunlar ictimai fikirdə peşə təhsilinin perspektivli və vacib təhsil istiqaməti kimi formalaşmasına əsas verir".