“Virtual xəyanət də fiziki xəyanətdən fərqli olmur” - PSİXOLOQ AÇIQLADI

3 Avqust 2026 11:08 (UTC+04:00)

"Sosial şəbəkələrdə və yaxud da onlayn ünsiyyət hallarının xəyanət sayılıb-sayılmaması mövzusu mübahisəli bir mövzudur, əslində. Bu mövzularda fərqli fikirlər var və bu fikir fərqlərinə görə də insanlarda aparılan sorğularda bir qisim insan, əksəriyyət də belə olur, bunu xəyanət hesab edir". Bu fikirləri SİA-ya açıqlaması zamanı psixiatr Azər Bağırov deyib.

Onun sözlərinə görə, bir qisim insan isə sadəcə fiziki olaraq arada bir münasibət baş veribsə, bunu xəyanət hesab edir:

"Əgər biz sadəcə onlayn olan mesajlaşmaları da, sosial şəbəkələrdə olan yazışmaları da xəyanət hesab etsək, o zaman xəyanətin nisbəti çox yüksək bir rəqəmə gedib çıxır – 60–70 faiz kimi yüksək rəqəmlərə. Amma sadəcə fiziki olaraq bir yaxınlaşma olduğunda bunu xəyanət hesab etsək, xəyanət nisbəti 30–35 faizlərə qədər düşür.

Qadınla kişi arasında cüzi fərq olsa da, demək olar ki, 5–10 faiz fərq var. Mən bu haqda “Qadınlar da Aldadır” kitabımda hər detalda, xəyanətin hər aspektindən danışmışam. Maraqlananlar üçün xəyanəti anlamaq baxımından bu kitab fərqli baxış bucağı qazandıra bilər.

Digər mövzu isə sosial şəbəkələrin və onlayn ünsiyyətin xəyanətə necə təsir etməsidir. Artırırmı? Bəli, artırır. Burada bir neçə faktor var. Birincisi, ünsiyyətin rahatlaşması və əlçatanlığın artmasıdır. İnsanlar əvvəllər ünsiyyətə girmək üçün bir mühitə, təsadüfi qarşılaşmalara və ya görüşlərə ehtiyac duyurdular. İndi isə belə bir istək yarandıqda hər hansı bir insana mesaj vasitəsilə çatmaq, yazışmağa başlamaq və bunun davamını gətirmək mümkündür. Ona görə də insanların bir-birinə əlçatanlığının artması bu nisbəti yüksəldir.

Yəni birbaşa sosial media xəyanət yaradır demək olmaz. Əgər xəyanət niyyəti varsa, sosial media sadəcə bunu asanlaşdırır.

Digər tərəfdən, insanların emosional çətinlik yaşadıqları, laqeydlik və diqqət azlığı hiss etdikləri dövrlərdə, xüsusilə də qadınlarda, sosial mediada eşidilən tərif və xoş sözlərlə bu boşluğu doldurmağa çalışmaq daha sıx rast gəlinən hallardandır.

Başqa bir məqam isə uzun müddətdir əlaqəsi olmayan məktəb və ya universitet yoldaşlarının sosial media vasitəsilə yenidən bir-birini tapması, köhnə hiss və münasibətlərin yenidən canlanmasıdır. Bu baxımdan da sosial media yönləndirici və asanlaşdırıcı rol oynaya bilir.

Sosial media vasitəsilə baş verən bu halların artıq özünəməxsus terminologiyası da formalaşıb. Bunlara ümumilikdə virtual xəyanət deyilir və məqsədləri fərqli ola bilər.

Məsələn, emosional infidelity, yəni emosional xəyanət dediyimiz bir hal var. Burada fiziki görüş və ya təmas olmur. Sadəcə emosional ehtiyacların qarşı tərəflə ünsiyyət vasitəsilə qarşılanması, sirrlərin, istəklərin və arzuların paylaşılması, sirdaşlıq yaranması və bütün bunların öz partnyorundan gizlədilməsi baş verir. Əgər partnyor bunu öyrənsə, bu, onda xoş hiss yaratmır. Buna emosional xəyanət deyilir.

Virtual xəyanətin digər növü isə sexting adlanır. Bu, xüsusilə Z nəsli arasında və Qərb ölkələrində daha geniş yayılıb. İnternet və mesajlaşma vasitəsilə görüş olmadan bir-birinə cinsi məzmunlu şəkillərin və sözlərin göndərilməsi və bu şəkildə münasibətin qurulmasıdır.

Bu cür virtual xəyanətlərin insanlar üzərində təsiri, yəni xəyanət edən insanın partnyoru bunu öyrəndikdə yaşadığı emosional təsir adi fiziki xəyanətdən heç də fərqli olmur. Sanki daha məsum və ya günahsız görünə bilər, amma burada emosional paylaşımlar, niyyət və güvənin sarsılması öz ciddi izini qoyur.

Bir çox insan bunlara micro cheating, yəni mikro xəyanət deməyə meyillidir. Sanki sadəcə flirt xarakterli yazışma və ya zərərsiz ünsiyyət kimi görünsə də, partnyor bunu öyrəndikdə belə qəbul etmir. Güvəni dərindən sarsılır, özünə inamı azalır, qarşı tərəfə olan hissləri kökündən dəyişir.

Cütlük terapiyalarında fiziki xəyanətdə müşahidə etdiyimiz bütün emosional reaksiyaları virtual xəyanət hallarında da eyni şəkildə görür və müşahidə edirik".