"Mikrodalğalı sobada şüşə və keramik qablara üstünlük verilməlidir" - QİDA MÜTƏXƏSSİSİ

3 Avqust 2026 10:41 (UTC+04:00)

"Mikrodalğalı sobalarda qida isidərkən, əgər düzgün qaydalara əməl olunmursa və xüsusilə də əgər keyfiyyətli mikrodalğalı soba deyilsə, bu zaman onun qidaya hər hansı bir zərərli şüa yayması bəzən miflərdən irəli gəlir". Bu sözləri SİA-ya açıqlamasında Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, Sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova deyib.

Onun sözlərinə görə, çünki onun radiasiyaya çevrilməsi, zəhərli olması elmi cəhətdən doğru hesab olunmur: "Çünki burada daha çox mikrodalğalı soba qidanın içindəki su molekullarını hərəkətə gətirərək istilik yaradır.

Sadəcə olaraq, burada diqqət olunacaq əsas məqam var ki, bəzi yeməklər var ki, xüsusilə tərkibində C və B qrupu vitaminləri istiliyə həssas olduğuna görə, uzun müddət mikrodalğada qızdırılmadan daha çox bişirilməyə məruz qoyulursa, bu zaman vitamin dəyəri azala bilər.

Eləcə də ət həddindən artıq çox qızdırıldıqda, yağlar termik emala məruz qaldığına görə oksidləşə bilər ki, bu da zərərli ola bilər. Digər bir məqam qabların seçimidir. Qablar düzgün seçilmədikdə və eyni zamanda bir qida təkrar-təkrar qızdırıldıqda, bu, artıq qidanın tərkibinin dəyişdiyinə görə təhlükəli hesab oluna bilər.

Yaxşı olar ki, ümumiyyətlə, bişirilmiş qidalar bir dəfə qızdırılsın. Bəzən olur ki, ət və ət məhsullarını qızdırarkən az miqdarda qızdırdıqlarına görə bərabər şəkildə həmin qidanın tərkibi isinmir. Buna görə də müxtəlif hissələrdə soyuq və ya temperatur dəyişkənliyi qala bilər ki, xüsusilə də bu, ət məhsullarında özünü daha çox göstərir. Bu isə bakteriyaların inkişafı üçün şərait yarada bilər.

Buna görə, əgər böyük miqdardadırsa, onu yaxşı qarışdırmaq, hissələrə bölmək və tam isinməsinə diqqət etmək lazımdır. Eyni zamanda bəzən uşaq qidalarını qızdırmaq üçün mikrodalğalı sobadan istifadə edirlər ki, bu zaman qeyri-bərabər qızdırdığına görə, bəzən həddindən artıq qızdırıldığı üçün zərər verə bilər.

Yaxşı olar ki, fast-food qidalar və hazır alınan qidalar da mikrodalğalı sobada qızdırılmasın. Çünki onların tərkibindəki yağın oksidləşməsi tərkibinin dəyişməsinə gətirib çıxara bilər.

Mikrodalğalı sobada şüşə qabdan və keramik qabdan istifadə etmək daha faydalıdır. Uzun müddət otaq temperaturunda qalmış qidanı isitmək bəzən yenə də onun tərkibindəki bakteriyaların məhv olmamasına gətirib çıxara bilər. Ona görə buna da diqqət olunsun.

Mütəmadi olaraq sobanın içinin təmizlənməsinə diqqət olunmalıdır. Çünki bəzən yeməyi isitdikdən sonra bəzi yeməklər partlayır və yaxud ətrafa yemək qalıntıları qalır. Növbəti yeməyi isitməzdən əvvəl bunlar təmizlənməlidir. Əks halda çarpaz çirklənməyə məruz qala bilər ki, bu da qidanın tərkibini dəyişə bilər.

Plastik qablarda az miqdarda qızdırılsa belə, bu zaman həmin plastikin tərkibindəki bisfenol A maddəsi qidaya keçə bilər. Bu da xüsusilə hormon sisteminə təsir edir, karsinogen maddələrin yaranmasına və bunun qidaya keçməsinə gətirib çıxara bilər.

Ümumiyyətlə, gündəlik istifadə olunacaqsa, o zaman yeməyi keyfiyyətli seçmək, təzə olmasına diqqət etmək və düzgün qablaşmadan istifadə etmək lazımdır".