Moskvada baş verən partlayışda 3 nəfər ölüb, 20-dən çox insan isə yaralanıb - MOSKVA

3 Avqust 2026 09:36 (UTC+04:00)

Rusiyanın paytaxtı Moskvada yerləşən restoranda baş verən partlayış nəticəsində azı 3 nəfər ölüb, 20 nəfər yaralanıb. Hadisə mərkəzdə, Kudrinskaya meydanındakı “Balzi Rossi” adlı italyan restoranının yaxınlığında baş verib.

SİA xarici mətbuata istinadən xəbər verir ki, Rusiya Milli Antiterror Komitəsinin məlumatına görə, partlayış əldəqayırma partlayıcı qurğunun işə düşməsi nəticəsində baş verib. Bildirilir ki, naməlum qadın partlayıcı qurğunu restorana keçirməyə çalışıb, lakin mühafizəçi ona mane olub. Bundan sonra qurğu partlayıb. Hadisə zamanı qadın, mühafizəçi və restoranın ziyarətçilərindən biri həyatını itirib.

Partlayış restoranda qapalı tədbirin keçirildiyi vaxt baş verib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları, təcili yardım briqadaları və xilasedicilər cəlb olunub. Ərazi müvəqqəti olaraq bağlanıb.

Moskva meri Sergey Sobyanin hadisəni “terror aktı” adlandırıb və məsul şəxslərin müəyyən edilərək cəzalandırılacağını bildirib. Hüquq-mühafizə orqanları partlayışın səbəblərini və mümkün sifarişçiləri araşdırır.

Hadisə ilə bağlı bəzi qeyri-rəsmi məlumatlarda hücumun yüksək rütbəli rusiyalı hərbçini hədəf ala biləcəyi iddia edilib. Lakin bu məlumatlar rəsmi şəkildə təsdiqlənməyib. Rusiya hakimiyyəti və istintaq orqanları hadisənin Ukraynadakı müharibə ilə əlaqəsini də hələ açıqlamayıb.

Rusiya rəsmiləri hadisəni terror aktı kimi araşdırır, lakin hücumun arxasında kimin dayandığı barədə rəsmi məlumat verilməyib.