ABŞ Prezidenti Donald Tramp İrana qarşı planlaşdırılan “genişmiqyaslı” hücumları dayandırdıqdan sonra Tehranla yeni danışıqların bazar ertəsi başlayacağını bildirib.
SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Tramp “Air Force One” təyyarəsində jurnalistlərə açıqlamasında İranın ABŞ-ın mümkün hücum hazırlıqlarından xəbərdar olduğunu deyib:
“Onlar hücumun miqyasını bilirdilər, çünki hazırlıqların necə getdiyini görürdülər. Biz onlarla danışıqlar formatında görüşlər keçiririk. Danışıqlar bazar ertəsi günortadan sonra başlayacaq”.
ABŞ lideri daha əvvəl “Truth Social” hesabında yazmışdı ki, İran və ABŞ-ın Yaxın Şərqdəki müttəfiqləri mümkün razılaşmanın “çərçivəsi” üzərində razılıq əldə olunduğunu düşünərək onu hücumdan imtina etməyə çağırıblar.
İran tərəfi isə Trampın bu açıqlamalarına hələlik münasibət bildirməyib.
Tramp dəfələrlə müharibənin diplomatik yolla başa çatmasının mümkün olduğunu söyləsə də, tərəflər arasında qarşılıqlı hücumlar yenidən davam edib.
ABŞ Prezidenti Tehranla razılaşmanın əldə olunması üçün konkret vaxt müəyyən etməyib. O bildirib:
“Vəziyyətin necə inkişaf edəcəyini görəcəyik. Biz istənilən vaxt hərəkətə keçməyə hazırıq. Mən insanların öldürülməsini istəmirəm”.
Tramp həmçinin Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman, eləcə də Birləşmiş Ərəb Əmirlikləri və Qətər kimi ABŞ müttəfiqlərinin həftəsonu hücum həyata keçirməməsi üçün ona müraciət etdiyini bildirib.
“Biz hərəkətə keçməyə hazır idik. Onların bunu istəməsinin səbəbi bir razılaşmanın olduğuna inanmalarıdır. Hörmüz məsələsi ilə bağlı razılaşma var və nüvə proqramı ilə bağlı da razılıq əldə olunacaq”, – deyə Tramp vurğulayıb.
Trampın açıqlamasından sonra dünya neft bazarında qiymətlər bu gün səhər Asiya ticarətində ucuzlaşıb. Brent markalı neftin qiyməti 4,5 faiz azalaraq 83,98 dollara, ABŞ nefti isə 4,6 faiz enərək 80,74 dollara düşüb.
Fevralın 28-də başlayan qarşıdurmalardan sonra enerji qiymətləri treyderlərin Hörmüz boğazından keçən gəmiçilikdə mümkün fasilələrlə bağlı narahatlıqları səbəbindən dəyişkənlik göstərib.