Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Şəhid ailələri, veteranlar, müharibə iştirakçıları ilə iş" istiqaməti üzrə həyata keçirilən "Şəhidlik zirvəsi" layihəsi çərçivəsində "Zəka işığında" Milli Dəyərlərin Təbliğinə Dəstək İctimai Birliyi tərəfindən hazırlanmış növbəti televiziya verilişi Vətən müharibəsi şəhidi polkovnik-leytenant Zaur Hüseyn oğlu Cəfərovun xatirəsinə həsr edilib. Verilişdə onun timsalında Vətən yolunda canından keçən bütün şəhidlərimizin əziz xatirəsi ehtiramla yad olunub.
Bir saat davam edən proqramın aparıcısı layihənin rəhbəri, "Zəka işığında" Milli Dəyərlərin Təbliğinə Dəstək İctimai Birliyinin sədri Cəmilə Çiçək olub. Verilişdə Əməkdar jurnalist Vəli Vəliyev və şəhidin qardaşı Niyaməddin Cəfərov qonaq qismində iştirak edərək qəhrəman zabitin həyat və xidmət yoluna dair xatirələrini bölüşüblər. Söhbətlər zamanı Zaur Cəfərovun peşəkar hərbçi kimi formalaşması, ailəsinə bağlılığı, Vətənə sədaqəti və döyüş meydanında göstərdiyi fədakarlıq geniş şəkildə işıqlandırılıb.

Verilişdə bildirilib ki, xalqın qəhrəmanlıq tarixini yaşatmaq, şəhidlərimizin həyat yolunu gələcək nəsillərə çatdırmaq milli yaddaşın qorunmasının mühüm istiqamətlərindən biridir. Bu baxımdan "Şəhidlik Zirvəsi" layihəsi televiziya vasitəsilə vətənpərvərlik dəyərlərinin təbliği, gənclərin milli ruhda tərbiyəsi və qəhrəmanlıq irsinin tanıdılması baxımından əhəmiyyətli maarifləndirici missiya yerinə yetirir.
Qeyd olunub ki, Kəlbəcərin Başlıbel kəndində dünyaya göz açan Zaur Cəfərov ömrünü Vətənə xidmətə həsr edən peşəkar zabitlərdən olub. Məcburi köçkünlük taleyi yaşamasına baxmayaraq, hərbi peşəni seçərək Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alıb, sonrakı illərdə Silahlı Qüvvələrin müxtəlif hərbi hissələrində məsul vəzifələrdə xidmət göstərib. Aprel döyüşlərində, Tovuz istiqamətində baş verən hadisələrdə və Vətən müharibəsində nümayiş etdirdiyi qətiyyət, yüksək peşəkarlıq və komandir bacarığı onun xidmət bioqrafiyasının şərəfli səhifələrini təşkil edib.
Verilişdə Zaur Cəfərovun dövlət tərəfindən yüksək qiymətləndirilən xidmətlərindən də bəhs olunub. Bildirilib ki, o, sağlığında nümunəvi hərbi fəaliyyətinə görə müxtəlif təltiflərə layiq görülüb, şəhidliyindən sonra isə "Azərbaycan Bayrağı" ordeni, "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə" və "Hərbi xidmətlərə görə" medalları ilə təltif edilərək qəhrəmanlıq yolu dövlət səviyyəsində dəyərləndirilib.
Layihə rəhbəri Cəmilə Çiçək çıxışında vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi dövlətçilik və güclü ordu strategiyası bu gün Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Onun rəhbərliyi altında Azərbaycan Ordusunun qazandığı tarixi Zəfər xalqımızın birliyi, ordumuzun peşəkarlığı, Vətən uğrunda canlarını fəda edən şəhidlərimizin, sağlamlıqlarını itirən qazilərimizin və bütün müharibə iştirakçılarının misilsiz fədakarlığı sayəsində mümkün olub. Bu Zəfər nəticəsində torpaqlarımız işğaldan azad edilərək ölkəmizin ərazi bütövlüyü təmin olunub.
Cəmilə Çiçək qeyd edib ki, layihənin başlıca məqsədi qəhrəman övladlarımızın ömür yolunu geniş auditoriyaya təqdim etmək, onların mənəvi irsini yaşatmaq, milli birlik və dövlətçilik ideyalarını cəmiyyət arasında daha da möhkəmləndirməkdir. Onun sözlərinə görə, belə televiziya layihələri şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi ilə yanaşı, gənc nəslin milli dəyərlərə bağlı ruhda formalaşmasına da mühüm töhfə verir.
Verilişin sonunda bir daha vurğulanıb ki, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi daim ehtiramla anılacaq. Onların qəhrəmanlığı milli yaddaşımızın ayrılmaz hissəsi olaraq gələcək nəsillərə örnək olacaq və Vətən sevgisinin ən ali nümunəsi kimi yaşayacaq.
Yazının məzmununda əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.
Firuzə Məzahirqızı
Tədqiqatçı jurnalist