Platforma 12-dən çox hüquq sahəsini əhatə edir və...

2 Avqust 2026 19:24 (UTC+04:00)

Gürcüstanda hüquqi xidmətlərin Azərbaycan dilində daha əlçatan və müasir formada təqdim olunmasına xidmət edəcək “LIDA.ge” (Legal Intelligence & Digital Assistant) rəqəmsal hüquqi platforması ictimaiyyətə təqdim edilib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, 1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününə həsr olunmuş tədbirdə ilk növbədə Azərbaycan dilinin zənginliyi, Gürcüstanda yaşayan soydaşlarmıza Ana dilində hüquqi yardımların göstərilməsinin vacibliyi barədə ətraflı məlumat verilib.

Bildirilib ki, “Gürcüstan qanunvericiliyi üzrə Hüquqi Yardım” layihəsi çərçivəsində yaradılan “LIDA.ge” Gürcüstan qanunvericiliyi üzrə süni intellekt əsaslı hüquqi xidmət platformasıdır. Platforma istifadəçilərə hüquqi araşdırma aparmaq, süni intellekt vasitəsilə hüquqi məsləhət almaq, sənədləri təhlil etmək, məhkəmə proseslərinin mümkün nəticələrini modelləşdirmək və Gürcüstanda fəaliyyət göstərən təsdiqlənmiş vəkillərin məlumat bazasından istifadə etmək imkanı yaradır.

Layihənin rəhbəri, “interpress.ge” portalının redaktoru Nahid Qurbanov bildirib ki, platforma 12-dən çox hüquq sahəsini əhatə edir və 6 dildə xidmət göstərir. Onun sözlərinə görə, sistem Gürcüstanda yaşayan soydaşlarımıza, ölkəyə gələn Azərbaycan vətəndaşlarına və burada təhsil alan tələbələrə Gürcüstan qanunvericiliyi ilə Azərbaycan dilində tanış olmaq imkan verəcək.

Platformanın əsas imkanlarından biri də dövlət qurumlarına müraciətlərin hazırlanmasıdır. İstifadəçi ərizəni Azərbaycan dilində yazdıqda sistem onu avtomatik gürcü dilinə çevirərək təqdim edir.

Bundan əlavə, platformada 200-dən çox məhkəmə qərarı toplanıb. Süni intellekt həmin qərarlar əsasında hüquqi təhlillər aparır və məhkəmə işlərinin mümkün nəticələri ilə bağlı proqnozlar təqdim edir.

Qeyd olunub ki, platformadan Gürcüstanda yaşayan digər etnik azlıqlar da öz ana dillərində istifadə edə biləcəklər.

Platformanın yaradıcısı, vəkil Sərxan Məmmədov bildirib ki, sistem istifadəçilərə istənilən şəhərdə öz ana dilində danışan vəkil tapmaq imkanı yaradacaq. Onun sözlərinə görə, onlayn müraciətdən sonra həm vəkilə, həm də müraciət edən şəxsə məlumat göndərilir, məsləhətləşmə vaxtı təyin olunur və bütün proses platforma üzərindən idarə edilir.

S.Məmmədov qeyd edib ki, platforma hazırlanarkən həm vəkillərin, həm də müraciət edən şəxslərin maraqları nəzərə alınıb. Virtual assistent tərəfləri məlumatlandıracaq, sənədləşmə və əlaqələndirmə prosesini asanlaşdıracaq.

Onun sözlərinə görə, “LIDA.ge” Gürcüstanın rəsmi qanunvericilik bazasına inteqrasiya olunub və ölkənin qanunvericiliyinin bütün əsas sahələrini dəstəkləyir. Platforma hazırlanarkən həm vəkillərin, həm də müraciət edən şəxslərin maraqları nəzərə alınıb. Virtual köməkçi hər iki tərəfi proses barədə məlumatlandıracaq, sənədləşmə və əlaqələndirmə işlərini asanlaşdıracaq. Gələcəkdə platformanın vəkillərin təcrübəsi nəzərə alınmaqla daha da təkmilləşdirilməsi planlaşdırılır. Onun sözlərinə görə, platforma vasitəsilə Gürcüstanın dövlət qurumları ilə də birbaşa əlaqə yaratmaq mümkün olacaq. Sistem məlumatları Gürcüstanın rəsmi qanunvericilik bazasından götürəcək və ölkənin qanunvericiliyinin bütün əsas sahələrini əhatə edəcək.