Rus Pravoslav Kilsəsi Kremlin “nüvəsini” “Tanrının lütfü” adlandırdı...

2 Avqust 2026 18:26 (UTC+04:00)

...SSRİ-də atom bombasının yaradılması ilahi müdaxilə ilə əvvəlcədən müəyyən edilmişdi.

Rus Pravoslav Kilsəsinin Patriarxı Kirill bildirib ki, bombanın özü Sarovlu Müqəddəs Serafimin dua etdiyi şəhərdə yaradılıb.

SİA xəbər verir ki, bu barədə “The Moscow Times” qəzeti məlumat verib.

Patriarx Kirill (dünyəvi soyadı Vladimir Qundyayevdir-A.B.) bu açıqlamanı Müqəddəs Üçlük Serafim-Diveyevo monastırında keçirilən liturgiyadan sonra verib.

O qeyd edib ki, tikinti Sarovlu Müqəddəs Serafimin dua etdiyi Sarov şəhərində (Arzamas-16) başlayıb.

...Biz Rusiya atom bombamızı yaratdıq ki, bu da düşmənin vətənimizi məhv etmək və kölə etmək planlarını dayandırdı. Beləliklə, burada çalışan alimlərin, mühəndislərin və işçilərin əməyi sayəsində “Tanrının lütfü” və mərhəməti ölkəmizə gəldi, - deyə patriarx bildirib.

Onun fikrincə, atom bombasının hazırlanması SSRİ-ni “nə ölkəni, nə də xalqı tərk edə biləcək dəhşətli dağıntıdan” xilas etdi.

...Bütün bunlar qismən möhtərəm və Allaha bağlı atamız Sarovlu Serafimin duaları sayəsində baş verdi. Beləliklə, müqəddəsliyi sayəsində bu təvazökar ağsaqqal... xalqımızın və ölkəmizin davamlı mövcudluğuna töhfə verdi, - deyə Kirill əlavə edib.

Nəşr xatırladır ki, Rus Pravoslav Kilsəsinin rəhbəri artıq 2023-cü ildə oxşar açıqlamalar verərək nüvə bombasının rus alimləri tərəfindən “Allahın təsvirolunmaz qüdrəti ilə” hazırlandığını iddia etmişdi.

Və 2024-cü ildə o, rusları bu cür silahlardan və dünyanın mümkün sonundan qorxmamağa çağırdı.

Əli Babayev