...Cənubi Koreyada meteoroloji müşahidələr tarixində ən yüksək temperatur qeydə alınıb.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə Koreya Meteorologiya İdarəsi məlumat yayıb.
Rekord göstərici bazar günü ölkənin cənub-şərqində yerləşən Yansan şəhərində qeydə alınıb. Koreya Meteorologiya İdarəsinin məlumatına görə, termometrlər 42,5 dərəcə olub ki, bu da 100 ildən artıq meteoroloji müşahidələr tarixində ən yüksək göstəricidir.
Yansan artıq beşinci gündür ki, ekstremal istilərin episentri olaraq qalır. Burada havanın temperaturu ardıcıl olaraq 40 dərəcəni ötür. Tequ və Busan da daxil olmaqla digər iri şəhərlərdə isə temperatur 37–39 dərəcə arasında dəyişir.
Anomal istilərə görə ölkənin 20-dən çox bölgəsində ən yüksək xəbərdarlıq səviyyəsi elan edilib. Bu xəbərdarlıq kateqoriyası 2026-cı ildə tətbiq olunmağa başlayıb və hiss olunan temperatur 38 dərəcəyə, yaxud faktiki temperatur 39 dərəcəyə çatdıqda qüvvəyə minir.
Koreya Meteorologiya İdarəsi əhaliyə açıq havada bütün işləri və fəaliyyətləri dərhal dayandırmağı, sərin otaqlara və ya xüsusi soyutma məntəqələrinə üz tutmağı, həmçinin mütəmadi su qəbul etməyi tövsiyə edib. Qurum kondisionersiz qapalı məkanların da sağlamlıq üçün təhlükə yarada biləcəyi barədə xəbərdarlıq edib.
Ekstremal istilər idman yarışlarına da təsir göstərib. Koreya Beysbol Təşkilatı Çxanvon şəhərində havanın temperaturunun 39,5 dərəcəyə çatması səbəbindən ikinci gündür ardıcıl olaraq oyunu təxirə salıb. Liqa qərarın oyunçuların və azarkeşlərin təhlükəsizliyi naminə verildiyini bildirib.
Koreya Meteorologiya İdarəsinin məlumatına görə, son beş ildə ölkədə temperaturun 33 dərəcə və daha yüksək olduğu günlərin orta illik sayı 19-a yüksəlib. Halbuki 1970-ci illərdə bu göstərici təxminən səkkiz gün təşkil edib.