Azərbaycan Prezidenti İlham Əliyevin Qırğızıstana səfəri iki ölkənin münasibətləri tarixində yeni səhifə açdı
Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında münasibətlər ortaq tarixi köklərə, türk xalqlarının mədəni irsinə, dil yaxınlığına və qarşılıqlı hörmət prinsiplərinə əsaslanır. Hər iki ölkə müstəqillik əldə etdikdən sonra ikitərəfli münasibətlər sürətlə inkişaf edib, siyasi dialoq, iqtisadi əməkdaşlıq, humanitar əlaqələr və beynəlxalq təşkilatlar çərçivəsində tərəfdaşlıq yeni mərhələyə qədəm qoyub. Müasir dövrdə Azərbaycan və Qırğızıstan münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır və Türk Dövlətləri Təşkilatı çərçivəsində daha da möhkəmlənməkdədir.

Azərbaycan və qırğız xalqları qədim türk dünyasının ayrılmaz hissələridir. Hər iki xalqın ortaq etnik kökləri, oxşar adət-ənənələri, dini dəyərləri və folklor nümunələri əsrlər boyu qarşılıqlı yaxınlığın əsasını təşkil etmişdir. XIX əsrdən başlayaraq hər iki xalq Rusiya imperiyasının, sonralar isə Sovet İttifaqının tərkibində yaşamışdır. Sovet dövründə Azərbaycan və Qırğızıstan arasında sənaye, elm, təhsil və mədəniyyət sahələrində əməkdaşlıq inkişaf etmiş, müxtəlif müəssisələr və ali məktəblər arasında əlaqələr yaradılmışdır.
SSRİ dağıldıqdan sonra iki dövlət arasında diplomatik münasibətlər 19 yanvar 1993-cü ildə qurulub. Azərbaycanın Bişkekdəki səfirliyi 2007-ci ildə fəaliyyətə başlayıb, Qırğızıstanın Bakıda səfirliyi isə 2014-cü ildə təsis edilib. Son illərdə münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Azərbaycan və Qırğızıstan arasında siyasi münasibətlər yüksək səviyyəli qarşılıqlı etimad üzərində qurulub. Dövlət başçıları və hökumət nümayəndələrinin müntəzəm görüşləri əməkdaşlığın inkişafına mühüm töhfə verir.
İki ölkə beynəlxalq və regional təşkilatlar - Türk Dövlətləri Təşkilatı, BMT, İslam Əməkdaşlıq Təşkilatı, Müstəqil Dövlətlər Birliyi, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (CICA) çərçivəsində fəal əməkdaşlıq edirlər. Türk Dövlətləri Təşkilatı çərçivəsində nəqliyyat, rəqəmsal iqtisadiyyat, enerji, gömrük, təhsil və mədəniyyət sahələrində birgə layihələr həyata keçirilir. Azərbaycan və Qırğızıstan rəhbərləri bu təşkilatı türk dünyasının inteqrasiyası baxımından əsas platformalardan biri hesab edirlər. 2026-cı ildə də xarici işlər nazirlərinin görüşündə strateji tərəfdaşlığın daha da inkişaf etdirilməsi, Dövlətlərarası Şuranın və hökumətlərarası komissiyanın fəaliyyəti xüsusi vurğulanıb.

Son illərdə Azərbaycan–Qırğızıstan iqtisadi münasibətlərində müsbət dinamika müşahidə olunur. Əməkdaşlığın əsas istiqamətləri kənd təsərrüfatı, nəqliyyat-logistika, ticarət, investisiyalar, turizm, informasiya texnologiyaları, kiçik və orta sahibkarlıq sektorudur. Azərbaycan Qafqaz regionunun mühüm logistika mərkəzi kimi Qırğızıstan üçün Avropa bazarlarına çıxış imkanları yaradır. Orta Dəhliz (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) çərçivəsində əməkdaşlıq yükdaşımaların artırılması baxımından böyük perspektivlər açır.
İki ölkə arasında ticarət dövriyyəsi son illərdə xeyli artıb. Azərbaycan əsasən neft-kimya məhsulları, tikinti materialları və sənaye məhsulları ixrac edir, Qırğızıstandan isə kənd təsərrüfatı məhsulları, tekstil və bəzi ərzaq məhsulları idxal olunur. Rəsmi statistikaya görə, 2023-cü ildən bu yana Azərbaycanın Qırğızıstana ixracı əvvəlki illərlə müqayisədə əhəmiyyətli dərəcədə artıb.

Nəqliyyat və logistika
Azərbaycan və Qırğızıstan Şərqlə Qərbi birləşdirən beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafında maraqlı tərəfdaşlardır. Əməkdaşlıq əsasən Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Orta Dəhliz layihəsi, multimodal yükdaşımalar, rəqəmsal gömrük sistemlərini əhatə edir.
Bu layihələr Mərkəzi Asiya ilə Avropa arasında ticarətin genişlənməsinə xidmət edir və Azərbaycanın tranzit imkanlarını Qırğızıstanın ixrac potensialı ilə birləşdirir.
Qırğızıstan hidroenerji ehtiyatları ilə zəngin olsa da, Azərbaycan enerji istehsalı və ixracı sahəsində böyük təcrübəyə malikdir. Alternativ enerji, yaşıl enerji layihələri, enerji təhlükəsizliyi, neft və qaz sektorunda təcrübə mübadiləsi əməkdaşlıq istiqamətlərinin əsasını təşkil edir. Hər iki ölkə bərpa olunan enerji texnologiyalarının inkişafına xüsusi diqqət yetirir.

Azərbaycan və Qırğızıstan arasında humanitar əməkdaşlıq geniş xarakter daşıyır. Elm və təhsil, mədəniyyət, incəsənət, ədəbiyyat, idman, gənclər siyasəti də əməkdaşlıq üçün prioritet olaraq qalır. Azərbaycan oxucuları arasında dünya şöhrətli qırğız yazıçısı Çingiz Aytmatovun əsərləri böyük maraqla qarşılanır. Eyni zamanda Azərbaycan klassiklərinin əsərləri də Qırğızıstanda tanınır. Hər iki ölkədə Novruz bayramı, türk xalqlarının ortaq mədəni irsi, milli musiqi və folklor festivalları çərçivəsində birgə tədbirlər keçirilir. Son illərdə Bakı və Bişkek arasında keçirilən mədəni layihələr xalqlar arasında qarşılıqlı anlaşmanın daha da güclənməsinə xidmət edir.
Universitetlər arasında əməkdaşlıq memorandumları imzalanır, müəllim və tələbə mübadiləsi proqramları həyata keçirilir. Ortaq elmi konfranslar, magistr və doktorant proqramları, türk dünyasının ortaq tarixi üzrə tədqiqatlar, rəqəmsal təhsil layihələri əlaqələrin inkişafında mühüm yer tutur. Türk Dövlətləri Təşkilatının təşəbbüsləri bu sahədə əməkdaşlığın genişlənməsinə əlavə imkanlar yaradır.
Qırğızıstanda yaşayan azərbaycanlı icması ölkənin ictimai və iqtisadi həyatında fəal iştirak edir. Onlar ticarət, sahibkarlıq və xidmət sahələrində fəaliyyət göstərir, Azərbaycan mədəniyyətinin təbliği ilə məşğul olurlar. Diaspor təşkilatları iki xalq arasında mədəni körpünün möhkəmlənməsində mühüm rol oynayır. Azərbaycan–Qırğızıstan münasibətlərinin gələcək inkişafı üçün qarşılıqlı investisiyaların artırılması, Orta Dəhliz üzrə birgə logistika layihələrinin genişləndirilməsi, rəqəmsal iqtisadiyyat sahəsində əməkdaşlıq, yaşıl enerji layihələri, turizm marşrutlarının inkişafı, təhsil və elm üzrə ortaq proqramların genişləndirilməsi, Türk Dövlətləri Təşkilatı çərçivəsində inteqrasiyanın gücləndirilməsi vacib amillərdəndir.

Türk dünyasında yeni əməkdaşlıq modeli
Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında son illərdə keyfiyyətcə yeni mərhələyə qədəm qoyan münasibətlər, ortaq tarix, dil, mədəniyyət və mənəvi dəyərlər üzərində qurulan əlaqələr artıq təkcə qardaşlıq münasibətləri ilə məhdudlaşmır, həm də siyasi, iqtisadi, təhlükəsizlik və humanitar sahələri əhatə edən strateji müttəfiqlik formatına çevrilmişdir. Bu inkişafın ən mühüm göstəricilərindən biri Azərbaycan Prezidenti İlham Əliyevin Qırğızıstana dövlət səfəri, iki ölkə arasında imzalanan strateji sənədlər və dövlət başçılarının qarşılıqlı olaraq ən ali dövlət mükafatları ilə təltif edilməsidir.
Bu hadisələr Azərbaycan–Qırğızıstan münasibətlərinin tarixində yeni səhifə açmaqla yanaşı, bütövlükdə Türk Dövlətləri Təşkilatının (TDT) daxilində inteqrasiyanın dərinləşməsinin və türk dövlətləri arasında qarşılıqlı etimadın möhkəmlənməsinin rəmzi kimi qiymətləndirilir.
Türk Dövlətləri Təşkilatı XXI əsrdə türk dünyasının siyasi, iqtisadi və mədəni inteqrasiyasını təmin edən ən mühüm beynəlxalq platformaya çevrilib. Azərbaycan və Qırğızıstan təşkilatın fəal üzvləri kimi ortaq maraqların qorunması, regional sabitliyin möhkəmləndirilməsi və iqtisadi əməkdaşlığın genişləndirilməsi istiqamətində ardıcıl siyasət həyata keçirirlər.
Azərbaycan geostrateji mövqeyi, enerji resursları, inkişaf etmiş nəqliyyat infrastrukturu və Orta Dəhlizin əsas iştirakçısı kimi türk dünyasının Avropa ilə əlaqələrində mühüm rol oynayır. Qırğızıstan isə Mərkəzi Asiyanın mərkəzində yerləşərək regionun iqtisadi, nəqliyyat və humanitar layihələrində əhəmiyyətli mövqeyə malikdir. Bu iki ölkənin əməkdaşlığı faktiki olaraq Xəzər hövzəsi ilə Mərkəzi Asiyanı birləşdirən strateji körpü rolunu oynayır və türk dövlətlərinin iqtisadi inteqrasiyasına mühüm töhfə verir.

Münasibətlərdə yeni mərhələ
Azərbaycan Prezidenti İlham Əliyevin Qırğızıstana dövlət səfəri iki ölkə münasibətlərinin tarixində xüsusi əhəmiyyət daşıyan hadisələrdən biri olub. Səfər çərçivəsində keçirilən yüksək səviyyəli danışıqlar, imzalanan sənədlər və qəbul edilən qərarlar münasibətlərin strateji müttəfiqlik səviyyəsinə yüksəldiyini nümayiş etdirib.
Dövlət başçıları arasında keçirilən görüşlər zamanı əsasən siyasi əməkdaşlığın daha da dərinləşdirilməsi, iqtisadi və investisiya layihələrinin genişləndirilməsi, Orta Dəhliz üzrə birgə fəaliyyət, enerji və yaşıl iqtisadiyyat, rəqəmsal texnologiyalar, kənd təsərrüfatı, təhsil və elm, mədəni-humanitar əməkdaşlıq, Türk Dövlətləri Təşkilatı çərçivəsində əlaqələndirilmiş fəaliyyət xüsusi diqqət mərkəzində olub..
Danışıqların nəticələri göstərdi ki, Bakı və Bişkek artıq münasibətləri yalnız ikitərəfli əməkdaşlıq kimi deyil, uzunmüddətli strateji tərəfdaşlıq konsepsiyası əsasında inkişaf etdirmək niyyətindədir. Qırğız Respublikasının Prezidenti Sadır Japarov tərəfindən Azərbaycan Prezidenti İlham Əliyevin Qırğızıstanın ali dövlət mükafatı – "Manas" ordeninin I dərəcəsi ilə təltif edilməsi iki ölkə münasibətlərində xüsusi rəmzi məna daşıyır. "Manas" ordeni Qırğızıstan dövlətinin ən nüfuzlu mükafatlarından biridir. Adını qırğız xalqının qəhrəmanlıq dastanı olan "Manas"dan alan bu orden dövlətçiliyin, milli birliyin və yüksək xidmətlərin simvolu hesab olunur.
Prezident İlham Əliyevin bu ali mükafata layiq görülməsi Azərbaycan–Qırğızıstan dostluğunun yüksək qiymətləndirilməsi, türk dünyasının birliyinə verdiyi töhfələrin etirafı, Türk Dövlətləri Təşkilatının inkişafındakı xidmətlərinin qiymətləndirilməsi, regional əməkdaşlığın gücləndirilməsi istiqamətində fəaliyyətinə verilən yüksək siyasi dəyər kimi qəbul edilir. Bu təltif təkcə Azərbaycan Prezidentinə deyil, bütövlükdə Azərbaycan dövlətinə və xalqına göstərilən hörmətin ifadəsi kimi dəyərləndirilə bilər.

Qarşılıqlı etimadın və strateji tərəfdaşlığın ifadəsi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Qırğız Respublikasının Prezidenti Sadır Japarovun Azərbaycanın ən ali dövlət mükafatı – Heydər Əliyev ordeni ilə təltif edilməsi də mühüm siyasi hadisə olub. Heydər Əliyev ordeni Azərbaycan dövlətinin ən yüksək təltifidir və dövlətlərarası münasibətlərin inkişafına, beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsinə, xalqlar arasında dostluğun inkişafına xüsusi xidmət göstərmiş şəxslərə təqdim edilir. Sadır Japarovun bu ordenə layiq görülməsi onun Azərbaycan–Qırğızıstan münasibətlərinin inkişafına verdiyi töhfənin, Türk Dövlətləri Təşkilatında fəal fəaliyyətinin, Azərbaycanla strateji tərəfdaşlığın möhkəmləndirilməsində şəxsi rolunun, regional əməkdaşlığa verdiyi dəstəyin yüksək qiymətləndirilməsi deməkdir.

Dövlət başçılarının qarşılıqlı şəkildə ali dövlət ordenləri ilə təltif olunmaları beynəlxalq praktikada yalnız xüsusi etimad və yüksək səviyyəli strateji münasibətlər mövcud olduqda baş verir. Prezident İlham Əliyev və Prezident Sadır Japarovun qarşılıqlı şəkildə ali dövlət mükafatları ilə təltif olunmaları bir neçə mühüm siyasi mesaj verir. Birincisi, bu hadisə iki ölkə arasında münasibətlərin uzunmüddətli və davamlı xarakter daşıdığını nümayiş etdirir. İkincisi, bu addım türk dövlətlərinin vahid siyasi iradəsinin gücləndiyini göstərir. Üçüncüsü, münasibətlər artıq klassik diplomatik əməkdaşlıq səviyyəsini keçərək strateji müttəfiqlik mərhələsinə daxil olmuşdur. Dördüncüsü, Azərbaycan və Qırğızıstan Türk Dövlətləri Təşkilatının gələcək inkişafında aparıcı rol oynamaq niyyətini nümayiş etdirirlər.

Azərbaycan və Qırğızıstan beynəlxalq təşkilatlarda bir-birinin mövqeyini dəstəkləyir, regional təhlükəsizlik, suverenlik və beynəlxalq hüququn prinsiplərinə əsaslanan siyasət yürüdür. Ölkələr arasında ticarət dövriyyəsinin artırılması, qarşılıqlı investisiyalar, sənaye kooperasiyası və logistika sahəsində yeni layihələr həyata keçirirlər. Azərbaycan–Qırğızıstan İnkişaf Fondu kimi təşəbbüslər birgə investisiya layihələrinin maliyyələşdirilməsi üçün mühüm platforma rolunu oynayır.
Orta Dəhliz layihəsi çərçivəsində əməkdaşlıq hər iki ölkə üçün strateji əhəmiyyət daşıyır. Bakı limanı, Transxəzər marşrutu və Mərkəzi Asiya bazarları arasında əlaqələrin genişləndirilməsi iqtisadi inteqrasiyanı sürətləndirir. Elm, təhsil, mədəniyyət, gənclər siyasəti və idman sahələrində əlaqələrin inkişafı xalqlar arasında qarşılıqlı etimadın möhkəmlənməsinə xidmət edir.
Azərbaycan və Qırğızıstan dostluğunun ən parlaq nümunələrindən biri Qırğızıstanın işğaldan azad edilmiş ərazilərin bərpasına verdiyi dəstəkdir. Qırğızıstanın maliyyə dəstəyi ilə Ağdam rayonunun Xıdırlı kəndində məktəb kompleksinin tikilməsi qardaşlıq münasibətlərinin praktik ifadəsinə çevrilmişdir. Bu layihə yalnız infrastruktur təşəbbüsü deyil, həm də türk dövlətlərinin həmrəyliyinin konkret nəticəsidir.

Azərbaycan və Qırğızıstan arasında strateji müttəfiqliyin möhkəmlənməsi bütün türk dünyası üçün mühüm əhəmiyyət kəsb edir. Bu əməkdaşlıq Türk Dövlətləri Təşkilatının institusional inkişafını sürətləndirir, iqtisadi inteqrasiyanı genişləndirir, ortaq nəqliyyat sisteminin formalaşmasına xidmət edir, enerji təhlükəsizliyini gücləndirir, humanitar əlaqələri möhkəmləndirir, türk dövlətlərinin beynəlxalq nüfuzunu artırır. Bu model gələcəkdə digər türk dövlətləri arasında əməkdaşlığın dərinləşdirilməsi üçün də uğurlu nümunə hesab oluna bilər.
Azərbaycan və Qırğızıstan arasında münasibətlər bu gün tarixinin ən yüksək inkişaf mərhələsini yaşayır. Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri, qarşılıqlı ali dövlət ordenlərinin təqdim olunması, strateji müttəfiqlik münasibətlərinin möhkəmləndirilməsi və Türk Dövlətləri Təşkilatı çərçivəsində həyata keçirilən birgə fəaliyyət göstərir ki, Bakı ilə Bişkek arasındakı əlaqələr artıq qardaşlıq münasibətlərindən daha geniş məzmun daşıyır.

Bu münasibətlər ortaq tarixə və mədəniyyətə söykənməklə yanaşı, gələcəyə hesablanmış siyasi baxışın, qarşılıqlı etimadın və ortaq inkişaf strategiyasının təzahürüdür. Azərbaycan və Qırğızıstanın nümayiş etdirdiyi strateji əməkdaşlıq modeli türk dünyasının həmrəyliyinin güclənməsinə, regional sabitliyin möhkəmlənməsinə və Avrasiya məkanında yeni əməkdaşlıq imkanlarının yaranmasına mühüm töhfə verir. Qarşılıqlı etimad, yüksək səviyyəli siyasi dialoq və ortaq məqsədlər bu qardaş ölkələrin münasibətlərini gələcəkdə daha da möhkəmləndirəcək və Türk Dövlətləri Təşkilatının inkişafında onların aparıcı rolunu gücləndirəcəkdir.
Bəhruz Quliyev,
“Səs” qəzetinin Baş redaktoru