Aysel Nağıyeva: “ABAD”a qoşulduqdan sonra korporativ sifarişlərin sayı artdı və...

1 Avqust 2026 18:32 (UTC+04:00)

Altı ildir ki, “Mumla Candles” brendinin təsisçisi və sahibi kimi fəaliyyət göstərən Aysel Nağıyeva iki ilə yaxındır “ABAD” publik hüquqi şəxsin dəstəyi ilə öz biznesini uğurla inkişaf etdirir. O, “ABAD” ailəsinin bir üzvü olmaqdan məmnundur.

SİA-nın məlumatına görə, AZƏRTAC-ın müxbirləri ilə həmsöhbət olan Aysel Nağıyeva bu platformaya qoşulmasında “ABAD”çı dostlarının tövsiyələrinin böyük rol oynadığını diqqətə çatdırıb: “Dostlarım artıq bu layihəyə qoşulmuşdular. Onlar yaradılan imkanları xüsusi tərifləyərək məni də dəvət etdilər. İki ilə yaxındır ki, “ABAD”ın üzvüyəm. Bu müddət ərzində həm birgə kollaborasiyalar hazırlamışıq, həm də müxtəlif tədbirlərdə iştirak edirik”.

Müsahibimizin sözlərinə görə, “ABAD”ın yerli istehsalçılara və ailə bizneslərinə daimi dəstək göstərməsi onun fəaliyyətinə də böyük təkan verib. Hazırda brendin məhsulları bir neçə filialda, xüsusən də İçərişəhər və Heydər Əliyev Beynəlxalq Aeroportundakı (“Duty Free”) satış nöqtələrində təqdim olunur: “Aeroport filialı həm ən çox sevdiyim, həm də satış həcminə görə öndə olan məntəqələrimizdəndir. Buradan xarici turistlər və xaricə səfər edən yerli sakinlər alış-veriş edirlər. Sosial şəbəkələr, xüsusən də instaqram üzərindən müraciət edən müştəriləri isə daha çox İçərişəhər filialımıza yönləndiririk və onlar məhsulları oradan əldə edirlər”.

“ABAD”a qoşulduqdan sonra böyük üstünlüklər qazandığını deyən A.Nağıyeva vurğulayıb ki, bu platforma sayəsində həm dövlət, həm də özəl biznes təşkilatları onu daha yaxından tanıyıb. Nəticədə korporativ sifarişlərin sayı artıb və müştəri çevrəsi nəzərəçarpacaq dərəcədə genişlənib.

Əl işlərinə olan maraqdan söz açan “ABAD”çı xüsusilə xarici turistlərin şamlara böyük diqqət yetirdiyini bildirib. O, ölkəmizin tolerant mühitinin və zəngin mədəniyyətinin bu marağın formalaşmasında əsas amillərdən biri olduğunu qeyd edib.

Şamın tarixi və mənəvi əhəmiyyətinə toxunan Aysel Nağıyeva əlavə edib ki, şam ta qədimdən gələn od ünsürüdür və sadəcə ev dekoru hesab olunmamalıdır: “Yadınızdadırsa, 15-20 il bundan əvvəl işıqlar sönəndə evdə şam yandırar, bütün ailə onun ətrafına yığışardıq. Şamın insanları bir araya gətirən, ailəni bir süfrəyə toplayan istiliyi və gözəl yaddaşı var. Bununla yanaşı, şam işığı beyini neqativ düşüncələrdən təmizləyir, ruhu isə sakitləşdirir”.

Son zamanlar ölkəmizdə də xanımların axşam gözəllik rutinlərində, eləcə də yoqa, meditasiya və pilates klublarında ətirli dekorativ şamlardan istifadənin artdığını deyən “ABAD”çı, yanarkən şamın çıxardığı təbii səsin və efir yağlarının meditasiya prosesinə xüsusi kömək etdiyini söyləyib.

Brendin 2020-ci ildə pandemiya dövründə fəaliyyətə başladığını bildirən A.Nağıyeva ilk olaraq təbii arı, sonradan isə soya mumundan şamlar hazırladığını qeyd edib. O, istehsal prosesində tətbiq olunan xammal və texnologiyalardan bəhs edib, dekorativ şam hazırlayarkən istifadə olunan ətirlər və onların insan sağlamlığına təsirindən danışıb.

Mütəxəssis, həmçinin özünəməxsus resept əsasında dekorativ şamlar üçün hazırladığı milli motivli qoxulardan da söz açıb. O, hil, darçın və vanil kimi ədviyyatların sintezindən xüsusi “Paxlava qoxusu” ətri ərsəyə gətirdiyini diqqətə çatdırıb.

“ABAD”çı bəylərin xanımlara aldığı hədiyyələr arasında ətirli dekorativ şamların da yer aldığını qeyd edərək məhsulun hazırlanması prosesini əyani nümayiş etdirib.

Çəkiliş zamanı A.Nağıyeva AZƏRTAC üçün də ətirli dekorativ şam hazırlayıb.