Azərbaycanda həyat sığortası üzrə ödənişlər 33 %-ə yaxın artıb

1 Avqust 2026 15:04 (UTC+04:00)

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda həyat sığortası növlərinin hesabına 516,448 milyon manat sığorta haqqı toplanılıb.

SİA Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 8,8 % çoxdur.

Hesabat dövründə həyat sığortası növləri üzrə ödənişlər isə 32,6 % artaraq 402,048 milyon manata çatıb.

Beləliklə, 6 ayda həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının 77,8 manatı müştərilərə geri ödənilib. Bu rəqəm 1 il bundan əvvəl 63,9 manat təşkil edib.

Xatırladaq ki, bu ilin yanvar-iyun aylarında Azərbaycandakı 16 sığorta şirkətinin xətti ilə 867,396 milyon manat sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 6,2 % çoxdur. Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 549,682 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 27,2 % çoxdur.

6 ay ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 63,4 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 52,9 manat olub.