Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşlarının son bir həftə ərzində keçirdiyi nəzarət tədbirləri zamanı Bakı şəhəri, Sabirabad, Xaçmaz, Şamaxı, İsmayıllı və Şabran rayonlarında yaşıllıqların qanunsuz kəsilməsi faktları aşkar edilib. SİA xəbər verir ki, bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidməti məlumat yayıb.
Araşdırmalar nəticəsində Bakı şəhərinin Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində, Sabirabad rayonunun Muğanlı, Xaçmaz rayonunun Qaradağlı, Şamaxı rayonunun Günəşli, İsmayıllı rayonunun Kürdmaşı kəndlərində, həmçinin Qaraməryəm–İsmayıllı–Şəki magistral avtomobil yolunun 47-ci kilometrliyində və Şabran rayonu ərazisindən keçən magistral avtomobil yolunun kənarında ağacların qanunsuz kəsildiyi müəyyən olunub.
Müəyyən edilib ki, qanunsuz ağackəsmə nəticəsində yaşıllıqlara ümumilikdə 227 min 850 manat məbləğində ziyan dəyib. Bildirilib ki, hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından, məsələyə hüquqi qiymət verilməsi məqsədilə toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilib.
Mətləb