Azərbaycan-Fransız Universitetinin (UFAZ) Kompüter elmləri üzrə tədqiqat departamentinin dosenti Yusif İbrahimovun rəhbərlik etdiyi “Etibarlı izahların yaradılması üçün hibrid təkamül–qradiyent arxitekturası” adlı layihə 2026–2027-ci tədris ili üzrə UFAZ Tədqiqat Qrantına layiq görülüb.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, tədqiqatın məqsədi hibrid təkamül–qradiyent yanaşmasına əsaslanan arxitekturanın işlənib-hazırlanmasıdır. Layihənin bu sahədə yeni elmi nəticələrin əldə edilməsinə və gələcək tədqiqatlar üçün metodoloji əsasın formalaşdırılmasına töhfə verməsi nəzərdə tutulur.
Layihə çərçivəsində yaxın zamanda tələbələrin tədqiqat fəaliyyətinə cəlb olunmasına və iştirakçı seçiminə başlanılacaq. Bu proses tələbələrə elmi araşdırmalarda iştirak etmək, tədqiqat bacarıqlarını inkişaf etdirmək və layihə çərçivəsində praktiki təcrübə qazanmaq imkanı yaradacaq.
Layihə 2026–2027-ci tədris ili üzrə UFAZ Tədqiqat Qrantı çərçivəsində həyata keçiriləcək.