“Çolpon-Ata şəhərində keçirilən qeyri-rəsmi təmaslar Cənubi Qafqaz və Mərkəzi Asiya regionlarının suveren aktorları arasında formalaşan normativ-hüquqi tərəfdaşlığın və institusional inteqrasiya meyillərinin növbəti diplomatik təzahürüdür”. Bu sözləri SİA-ya açıqlamasında deputat Bəhruz Məhərrəmov deyib.
Onun sözlərinə görə, dörd dövlət rəhbərinin rəsmi protokol çərçivələrini aşaraq birgə iştirak etdiyi bu format beynəlxalq hüququn suveren bərabərlik və qarşılıqlı etimad prinsiplərinə söykənən "yumşaq diplomatiya" mexanizmlərinin effektiv tətbiqini, habelə tərəflər arasında çoxtərəfli strateji müttəfiqlik münasibətlərinin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu hüquqi-siyasi müstəvidə sübut edir:
“Azərbaycan Respublikasının Orta Dəhlizin strateji qovşağı kimi regional təhlükəsizlik və geo-iqtisadi inteqrasiya arxitekturasında oynadığı aparıcı rol onun həm Türk Dövlətləri Təşkilatı çərçivəsində, həm də ikitərəfli hüquqi bazaya əsaslanan münasibətlərdə konsolidasiyaedici subyekt olduğunu nümayiş etdirir. Bu baxımdan, adıçəkilən görüş region dövlətlərinin xarici geosiyasi təsirlərdən kənar, müstəqil iradə nümayişi ilə öz regionlararası hüquq və iqtisadiyyat məkanını şəkilləndirmək əzmini aydın şəkildə ifadə edir.
Məlumdur ki, beynəlxalq siyasətdə bəzən ən vacib strateji mesajlar rəsmi sammit zallarında, mikrofonlar qarşısında deyil, pərdəarxası və qeyri-rəsmi görüşlərdə verilir. Çolpon-Atadakı “Issyk-Kul Golf Resort” kompleksində baş tutan açılış mərasimi də məhz belə önəmlu nəticələr vəd edən tarixi anlardan biri kimi qiymətləndirilə bilər. Beynəlxlaq təcrübədə "qolf diplomatiyası" kimi tanınan bu model dövlət başçılarının rəsmi protokol qaydalarının yaratdığı sərhədləri aşaraq, daha səmimi və etibarlı dialoq qurmasına şərait yaradır. Liderlərin gərgin diplomatik masalarından uzaq, sərbəst mühitdə bir araya gəlməsi Azərbaycan və Mərkəzi Asiya ölkələri arasındakı münasibətlərin artıq sadəcə formal tərəfdaşlıq deyil, yüksək səviyyəli şəxsi etimad və sarsılmaz dostluq müstəvisinə keçdiyini göstərir.
Bu görüşün fonunda diqqət çəkən ən məqam isə Azərbaycanın Mərkəzi Asiya coğrafiyasında artan geosiyasi çəkisidir. Aydındır ki, Cənubi Qafqazın lider dövləti olan Azərbaycan Orta Dəhlizin strateji hab nöqtəsi kimi Mərkəzi Asiya ölkələrinin Qərbə və dünya bazarlarına çıxışında əvəzsiz körpüdür. Bakının həm Türk Dövlətləri Təşkilatının əsas sütunları olan Özbəkistan və Qırğızıstanla, həm də regionun digər vacib aktoru Tacikistanla eyni platformada belə sıx həmrəylik nümayiş etdirməsi, Cənubi Qafqaz və Mərkəzi Asiyanın vahid geo-iqtisadi blok kimi formalaşdığının aydın göstəricisidir.
Çolpon-Atadan yayılan birgə görüntülər həm də qlobal güclərə ünvanlanmış vacib bir mesajdır: Avrasiya coğrafiyasının mərkəzində yerləşən bu dövlətlər öz gələcəklərini xarici təsir və diktələrlə deyil, birbaşa, vasitəçisiz və qarşılıqlı hörmətə dayanan dialoq yolu ilə müəyyən edir. Bu baxımdan əminliklə demək mümkümdür ki, Qırğızıstandakı bu görüş regional diplomatiyada yeni bir səhifə açdı. Siyasətin dili dəyişir və bu tədbir bir daha göstərdi ki, regionun taleyini müəyyən edən strateji həmrəylik bəzən rəsmi bəyanatlarda deyil, məhz belə səmimi platformalarda daha da möhkəmlənir”.