Neft qiymətləri iyulu 20 faiz artımla tamamlayır

31 İyul 2026 17:37 (UTC+04:00)

Birjalarda xam neft qiymətləri iyul ayını təxminən 20 faiz artımla tamamlamağa hazırlaşır.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, hazırda “Brent” markalı xam neftin bir bareli 90 dollardan, “Light” neftinin bir bareli isə 85 dollardan baha satılır. Hər iki markalı xam neftin qiymətləri aylıq təxminən 20 faiz artım nümayiş etdirib.

Ekspertlərin fikrincə, ABŞ və İran arasında danışıqlarda əhəmiyyətli irəliləyişin olmamasına baxmayaraq, kritik dəniz limanlarından neft axını artır. Yaxın Şərqdə artan gərginlik isə Hörmüz boğazından neft axınının artması ilə kompensasiya olunub və bu da neft qiymətlərinə təzyiqi azaldıb.

Bundan başqa, Səudiyyə Ərəbistanı Bab əl-Məndəb boğazında, Qırmızı dənizdə və Ədən körfəzində müdafiə əməkdaşlığını gücləndirmək üçün çoxmillətli dəniz təhlükəsizliyi koalisiyasına rəhbərlik etməyi hədəfləyir. Səudiyyə Müdafiə Nazirliyi Cibuti, Misir, Pakistan, Sudan və Türkiyə də daxil olmaqla 14 ölkənin koalisiyanı dəstəklədiyini açıqlayıb.

İranın dəstəklədiyi Yəmən husi üsyançıları ötən həftə Səudiyyə Ərəbistanına dəniz blokadası tətbiq edərək Hörmüz boğazına alternativ olan Qırmızı dəniz yolu ilə neft ixracını təhdid etmişdi.

Analitiklərə görə, Hörmüz boğazında və Qırmızı dənizdə tanker daşınması davam etsə də artan təhlükəsizlik riskləri yükdaşımaları və sığorta xərclərinə təsirsiz ötüşmür və bu, neft qiymətlərində əhəmiyyətli dərəcədə geosiyasi risk yaradır. Lakin son günlərdə Hörmüz boğazında diplomatik həll gözləntilərinin güclənməsi və tanker trafikinin artması neft qiymətlərinə aşağı təzyiq göstərir.

Həmçinin Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və bəzi qeyri-OPEC istehsalçılarından ibarət OPEC+ qrupunun avqust ayından etibarən gündəlik istehsal kvotalarını 188 min barel artıracak ki, bu da qlobal tədarükün artmasına səbəb olacaq. Bu artım OPEC+ tərəfindən son 5 ayda elan edilən ardıcıl 5-ci istehsal artımıdır və qrupun 2023-cü ildə tətbiq etdiyi könüllü istehsal azaltmalarını tədricən geri qaytarmaq prosesini davam etdirir. Yeddi OPEC+ ölkəsi bazar şərtlərini, uyğunluğu və kompensasiyanı nəzərdən keçirmək üçün avqustun 2-də görüş keçirəcək.

Qeyd edək ki, qlobal xam neft və mayeləşdirilmiş təbii qaz daşınmalarının təxminən beşdəbirinin keçdiyi Hörmüz boğazı ABŞ və İsrailin fevralın 28-də İrana qarşı müharibəyə başlamasından bəri neft bazarlarının diqqət mərkəzindədir.