"1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü xalqımızın milli-mənəvi dəyərlərinə, zəngin mədəni irsinə və dövlətçilik ənənələrinə dərin ehtiramın ifadəsidir. Azərbaycan dili əsrlər boyu xalqımızın milli kimliyini, tarixi yaddaşını və mənəvi dəyərlərini yaşadan ən böyük sərvətlərdən biri olmuşdur".Bu sözləri Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədr müavini Fatma Yıldırım SİA-ya açıqlamasında bildirib.

Onun sözlərinə görə, Ümummilli Lider Heydər Əliyev ana dilimizin qorunmasını və inkişafını hər zaman dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirmiş, ən mürəkkəb tarixi şəraitdə belə Azərbaycan dilinin dövlət dili kimi təsbit olunması uğrunda qətiyyətli mübarizə aparmışdır: "Məhz Ulu Öndərin siyasi iradəsi nəticəsində 1978-ci il Azərbaycan SSR Konstitusiyasında Azərbaycan dilinə dövlət dili statusu verildi, müstəqillik illərində isə bu siyasət daha da möhkəmləndirilərək 1995-ci il Konstitusiyasında Azərbaycan dili dövlət dili kimi təsbit olundu.
2001-ci il avqustun 9-da imzalanan Fərmana əsasən, hər il avqustun 1-nin Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilməsi isə ana dilimizin qorunmasına verilən yüksək dövlət qayğısının bariz nümunəsidir. Sonrakı dövrdə "Dövlət dili haqqında" Qanunun qəbulu, Dövlət Dil Komissiyasının yaradılması, latın qrafikasının tətbiqinin genişləndirilməsi, Azərbaycan dilinin elektron məkanda istifadəsinin təşviqi, dilimizin saflığının qorunmasına xidmət edən fərman və dövlət proqramları bu siyasətin ardıcıl xarakter daşıdığını bir daha təsdiqlədi.
Bu gün cənab Prezident İlham Əliyev tərəfindən Ulu Öndərin müəyyən etdiyi dil siyasəti uğurla davam etdirilir. Dövlət başçısının Azərbaycan dilinin saflığının qorunması, müasir dövrün çağırışlarına uyğun inkişaf etdirilməsi və gələcək nəsillərə olduğu kimi çatdırılması istiqamətində həyata keçirdiyi məqsədyönlü tədbirlər ana dilimizin nüfuzunu daha da artırır. Xüsusilə Azərbaycan dilinin qloballaşma şəraitində inkişafına dair Dövlət Proqramının qəbul edilməsi, elektron informasiya məkanında istifadəsinin genişləndirilməsi və dil normalarına nəzarətin gücləndirilməsi milli-mənəvi dəyərlərimizin qorunmasına xidmət edən mühüm addımlardır.
Ulu Öndər Heydər Əliyevin "Xalqı xalq edən, milləti millət edən onun ana dilidir" fikri bu gün də öz aktuallığını qoruyur. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin vurğuladığı kimi, "Azərbaycan dili o qədər zəngindir ki, heç bir xarici kəlməyə ehtiyac yoxdur". Bu çağırış hər birimizi ana dilimizin saflığını qorumağa, onu düzgün öyrənməyə və gündəlik həyatımızda zəngin imkanlarından istifadə etməyə səsləyir.
Azərbaycan dili milli varlığımızın, dövlət müstəqilliyimizin və milli həmrəyliyimizin əsas sütunlarından biridir. Bu dil Nizaminin, Füzulinin, Nəsiminin, Vaqifin, Mirzə Cəlilin, Üzeyir bəyin, Bəxtiyar Vahabzadənin və digər görkəmli söz ustalarının yaratdığı zəngin irsi bu günümüzə daşıyan mənəvi körpüdür.
Hesab edirəm ki, hər bir Azərbaycan vətəndaşı, xüsusilə gənc nəslimiz ana dilimizin saflığını qorumağı özünün vətəndaşlıq borcu hesab edəcək, dövlətimizin bu sahədə həyata keçirdiyi siyasətə öz töhfəsini verəcəkdir. Azərbaycan dilinin inkişafı və gələcək nəsillərə bütöv şəkildə ötürülməsi milli həmrəyliyimizin və müstəqil dövlətçiliyimizin daha da möhkəmlənməsinə xidmət edəcək.
1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü münasibətilə bütün həmvətənlərimizi ürəkdən təbrik edir, hər bir ailədə, hər bir məktəbdə və cəmiyyətimizin bütün sahələrində ana dilimizin daim uca tutulmasını, zənginliyinin və saflığının qorunmasını arzulayıram".