"İnsanlar bəzən şəxsi problemlərini hətta ən yaxınları ilə belə bölüşmək istəmirlər. Bunun əsas səbəblərindən biri sirrin başqalarına ötürüləcəyindən ehtiyat etmələridir. Bəzən insan iştirak etdiyi hər hansı bir məclisdə qohumlarının və ya yaxınlarının mimikasına, baxışlarına diqqət yetirir və düşünür: "Görəsən, mən bu sirri bölüşdüyüm şəxs onu başqasına da danışıb?" Hətta əmisi qızının, dayısı qızının, xalasının oğlunun və ya digər qohumlarının baxışlarından müəyyən nəticə çıxarmağa çalışır".
Bu sözləri SİA-ya açıqlamasında psixoloq Aytən Ələkbərova deyib.

Onun sözlərinə görə, bu zaman insan öz daxilində informasiya və güvənlə bağlı müəyyən stres yaşayır. O, daim düşünür ki, şəxsi məlumatı artıq başqalarının da xəbəri ola bilər. Bəzən isə bu, real fakt deyil, insanın öz düşüncəsində yaratdığı ehtimal və şübhələrdən qaynaqlanır:
"El arasında belə bir fikir var: "Sirr sənin əsirindir, onu özündə saxladığın müddətdə sənə məxsusdur. Sirrini paylaşdığın andan etibarən isə onun yayılma ehtimalı yaranır." İnsan şəxsi məlumatlarını bölüşdükdən sonra bəzən bunun yaratdığı sosial və psixoloji problemlərlə qarşılaşa bilər.
Digər tərəfdən, insanlar tanımadıqları şəxslərlə sosial şəbəkələr vasitəsilə ünsiyyət qurur, hətta bəzən saxta profillər yaradaraq şəxsi problemlərini bölüşürlər. Son dövrlərdə isə süni intellektlə yazışmaq və şəxsi məsələləri onunla müzakirə etmək də geniş yayılıb.
Bu yaxınlarda mənə müraciət edən şəxslərdən biri dedi:
"Aytən xanım, mən süni intellektlə çox yazışıram. Son zamanlar isə özümü ağır depressiyada hiss edirəm."
Mən ondan soruşdum:
"Bu vəziyyəti nə üçün depressiya kimi qiymətləndirirsiniz?"
O isə bildirdi ki, süni intellekt əvvəlki yazışmalarında danışdığı problemləri xatırladıb və həmin mövzularla bağlı ona yenidən cavab verib. Bu isə həmin şəxsdə şübhə yaradıb. O düşünməyə başlayıb ki, əgər süni intellekt onun əvvəllər danışdığı maliyyə vəziyyəti, şəxsi münasibətləri və digər mövzular barədə məlumatları yenidən xatırladırsa, deməli, yazışmaların arxasında başqa bir insan ola bilər.
Bu düşüncə zaman keçdikcə onda daha güclü narahatlıq yaradıb. Şəxs həmin fikirlər üzərində davamlı düşündükcə özünü daha ağır psixoloji vəziyyətdə hiss edib, hətta gündəlik fəaliyyətlərini yerinə yetirməkdə çətinlik çəkib və sonradan mütəxəssisə müraciət edib.
Burada bir vacib məqamı qeyd etmək lazımdır. İnsanlar tanımadıqları şəxslərlə, sosial şəbəkələrdə və ya süni intellekt vasitəsilə şəxsi məsələlərini bölüşərkən ehtiyatlı olmalıdırlar.
Süni intellekt məlumatlandırıcı və faydalı bir vasitə ola bilər. Məsələn, hər hansı elmi mövzu, tarix, təhsil, texnologiya və ya ümumi məlumat haqqında sual verdikdə qısa müddətdə cavab almağa kömək edir. Bu baxımdan onun müsbət tərəfləri çoxdur. O, unudulmuş məlumatların, tarixlərin və xronoloji ardıcıllığın xatırlanmasına da yardım edə bilər.
Lakin insanın emosional vəziyyətinin düzgün qiymətləndirilməsi, duyğularının anlaşılması və psixoloji dəstək alması üçün canlı ünsiyyət və peşəkar mütəxəssisə müraciət etmək daha vacibdir. Psixoloq insanın mimikasını, səs tonunu, davranışını və emosional reaksiyalarını müşahidə edir, göz təması qurur və vəziyyəti daha geniş şəkildə qiymətləndirə bilir.
İnsanlar bəzən yaşadıqları emosional çətinlikləri tanımadıqları şəxslərlə və ya süni intellektlə bölüşərək müəyyən qədər rahatlaşdıqlarını düşünürlər. Lakin bəzi hallarda gözlədikləri emosional dəstəyi tam ala bilmədikdə problemləri daha da ağırlaşa bilər.
Son dövrlərdə psixoloji gərginlik, mövsümi əhval dəyişiklikləri və depressiv əlamətlərlə bağlı müraciətlərin artması da diqqət çəkir. Bunun səbəblərindən biri insanların real sosial münasibətlərdən uzaqlaşaraq emosional ehtiyaclarını daha çox virtual mühitdə ödəməyə çalışması ola bilər.
Sosial şəbəkələrdə tanımadığımız şəxslərlə şəxsi məlumatları paylaşmağın başqa təhlükələri də var. Bəzən həmin şəxslər insanın emosional vəziyyətindən, güvənindən və həssaslığından istifadə edə bilirlər. "Sənin problemini həll edəcəyəm", "Sənə kömək edəcəyəm" kimi vədlərlə insanın etibarını qazanaraq ondan pul vəsaiti və ya digər şəxsi məlumatlar tələb oluna bilər.
Belə hallarda insan ikiqat çətin vəziyyətə düşür. Bir tərəfdən psixoloji gərginlik yaşayır, digər tərəfdən isə aldadıldığını düşündüyü üçün özünə və insanlara qarşı güvənsizlik hissi yaranır. Bunun nəticəsində günahkarlıq, peşmanlıq, narahatlıq və digər mənfi emosiyalar güclənə bilər.
İnsan eyni mənfi fikirləri davamlı şəkildə təkrarladıqda həmin düşüncələr onun şüurunda daha da möhkəmlənə bilər. Bu isə zamanla narahatlığın və emosional gərginliyin artmasına səbəb ola bilər. Belə vəziyyətlərdə insanın özünü təcrid etməsi və problemləri təkbaşına həll etməyə çalışması əvəzinə, peşəkar psixoloji dəstəyə müraciət etməsi daha məqsədəuyğundur.
Əlbəttə, tanımadığımız bir insanla anonim şəkildə danışmağın müəyyən müsbət tərəfləri də ola bilər. İnsan öz adını və şəxsi məlumatlarını açıqlamadan yaşadığı hadisəni paylaşa, qarşı tərəfin oxşar təcrübəsini dinləyə və müəyyən mənəvi dəstək hiss edə bilər.
Bəzən qarşı tərəf "Mənim də başıma buna bənzər hadisə gəlib" deyərək insanın özünü tək hiss etməməsinə kömək edir. Bu, müəyyən hallarda emosional rahatlıq yarada bilər. Lakin bu cür dəstək peşəkar psixoloji yardımı əvəz etmir.
Əsas məsələ odur ki, insan sosial şəbəkələrdə və tanımadığı şəxslərlə ünsiyyətdə şəxsi məlumatlarını, ailə məsələlərini, maliyyə vəziyyətini, şəxsi münasibətlərini və digər həssas məlumatları paylaşarkən diqqətli olmalıdır.
Bəzən sosial şəbəkələrdə hər hansı tanınmış şəxsin başına hadisə gəldikdə, həmin hadisə barədə kifayət qədər məlumatı olmayan insanlar müxtəlif ehtimallar irəli sürür, şəxsin harada olduğu, nə etdiyi və hadisənin necə baş verdiyi barədə əsassız fikirlər səsləndirirlər. Bu isə insanın şəxsi nüfuzuna və psixoloji vəziyyətinə mənfi təsir göstərə bilər.
Bütün bunlar onu göstərir ki, şəxsi həyatla bağlı məlumatları paylaşarkən həm yaxın insanlara, həm sosial şəbəkələrdəki tanımadığımız şəxslərə, həm də rəqəmsal platformalara qarşı ehtiyatlı davranmaq lazımdır. Hər bir şəxsi məlumatı hər kəslə bölüşmək doğru deyil.
Süni intellekt bilik əldə etmək, məlumat toplamaq və gündəlik suallara cavab almaq baxımından faydalı vasitədir. Lakin ağır emosional vəziyyət, davamlı narahatlıq, depressiv əlamətlər və ya psixoloji çətinliklər olduqda əsas seçim peşəkar psixoloqa və ya uyğun mütəxəssisə müraciət etmək olmalıdır".