"İqlim dəyişiklikləri ağciyər sağlamlığı üçün ciddi təhlükə yaradır" - PULMONOLOQ

31 İyul 2026 10:11 (UTC+04:00)

"Dünya Səhiyyə Təşkilatı (DST) iqlim dəyişikliklərinin insan sağlamlığına ciddi zərər vuracağından çox narahatdır və hesab edir ki, 2030 və 2050-ci illər arasında iqlim dəyişiklikləri ilə əlaqəli ölüm hallarının sayı 250 000 daha artacaqdır". Bu sözləri SİA-ya açıqlamasında Professor, Pulmonoloq Əlizamin Sadıqov bildirib.

Onun sözlərinə görə, iqlim dəyişikliyi ağciyər sağlamlığına ciddi təsir edir və bu təsir havanın istiləşməsi və ekosistem dəyişiklikləri ilə əlaqəlidir: "Respirator sağlamlığa təsir birbaşa olaraq temperatur dəyişiklikləri, rütubətin artması və atmosfer təzyiqinin yüksəlməsi ilə əlaqəlidirsə, havanın çirklənməsi bilavasitə respirator problemlər üçün risk faktoru ola bilər.

Başqa bir problem havanın çirklənməsi şəraitində və ekosistemin korlanması səbəbindən aeroallergenlərin uzun müddət havada sirkulyasiya etməsi nəticəsində allergik xəstəliklərin (bronxial astma) kəskinləşməsi və aeroallergenlərin təsiri səbəbindən uzun müddət nəzarətdən çıxmasıdır.

İqlim dəyişikliklərinin sağlamlığa təsir effektlərinə xronik ağciyər xəstəliklərinin kəskinləşməsi, infeksion xəstəliklər daxil olmaqla kəskin respirator distress sindromunun inkişaf etməsi, allergik cavabın kəskinləşməsi və ana bətnində dölün ölümü daxildir.

Ətraf mühit havasının çirklənməsi aeroallergenlərin sıxlığını havada artırmaqla yanaşı, eyni zamanda respirator patogenlərin transmissiyasını artırır və infeksion xəstəliklərin (viral və bakterial) yayılması üçün şərait yaradır.

Tədqiqatlar göstərir ki, havanın istiliyinin artması təxirəsalınmaz tibbi yardıma müraciətlərin sayını artırır, hospitalizasiyaların sayı artır, kardiovaskulyar xəstəliklər səbəbindən, astma, XOAX, aşağı tənəffüs yollarının infeksiyaları və pnevmoniya səbəbindən ölüm hallarının artmasına səbəb olur. Buna bənzər hallar eyni zamanda havanın rütubətliliyinin artması zamanı baş verir. Astma və xronik obstruktiv ağciyər xəstəliyi kimi xronik xəstəliklərin kəskinləşməsi baş verir.

Yaxın zamanların tədqiqatları sübut edir ki, temperaturun yüksəlməsi və atmosfer təzyiqinin yüksəlməsi spontan pnevmotoraks kimi ciddi və təxirəsalınmaz yardım tələb edən ağciyər ağırlaşmalarına səbəb ola bilir. Bunun əksinə olaraq, çox soyuq hava miokard infarktı və XOAX kimi xəstəliklərdən ölüm hallarının artmasına səbəb olur.

Hazırkı vəziyyətlə əlaqəli ciddi narahatlıqlar var və bunlardan əsasları geniş əraziləri əhatə edən meşə yanğınları və qum tufanları, qonşu ölkələrdə olan müharibələrlə əlaqəli havanın kəskin çirklənməsi və havanın yüksək hərarəti, bunların qarşılıqlı təsiri nəticəsində ekosistemdə baş verən kəskin dəyişikliklər respirator və kardiovaskulyar problemləri olan insanlar üçün çox ciddi siqnaldır".