"Alqı-satqı müqaviləsi, mülkiyyət hüquqlarının bir şəxsdən digərinə keçməsini təmin edən əsas hüquqi sənəddir. Bu müqavilə hüquqi münasibətlərin şəffaf və etibarlı şəkildə tənzimlənməsi üçün vacib hesab olunur". Bu sözləri SİA-ya açıqlamasında Hüquqi-Sosial Yardım və Maarifləndirmə İctimai Birliyinin sədri Fariz Əkbərov deyib.

Onun sözlərinə görə, əsasən daşınar və daşınmaz əmlakın, xidmət və məhsulların alqı-satqısında geniş tətbiq edilir: "Hüquq sahəsinə maraqlı olanlar üçün bu müqavilənin mahiyyəti, əsas prinsipləri və tətbiq qaydaları xüsusi əhəmiyyət kəsb edir.
Alqı-satqı müqaviləsi zamanı nəyə diqqət yetirilməlidir?
Daşınmaz əmlak (mənzil, torpaq sahəsi, qaraj və s.) satılarkən aşağıdakı sənədlər tələb olunur:
* Əmlak üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd — yəni çıxarış (kupça).
* Əmlak üzərində yüklülüyün və ya həbsin olub-olmaması barədə Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin verdiyi arayış. Qeyd olunan arayış alqı-satqı zamanı notarius tərəfindən verilir.
* Nikah haqqında şəhadətnamə — mülkiyyətçi nikahdadırsa, onun.
* Daşınmaz əmlakın satılmasına ərin (arvadın) notariat qaydasında təsdiq edilmiş razılığı.
Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayıldığından, birgə nikah dövrü ərzində alınan əmlak satılarkən mütləq tərəflərin hər ikisinin razılığı olmalıdır.
* Yaşayış evində, mənzildə, bağda və bağ evində yaşayış yeri üzrə qeydiyyatda olan yetkinlik yaşına çatmış bütün ailə üzvlərinin notariat qaydasında təsdiq edilmiş razılığı.
Belə razılıq qeydiyyatda olan şəxslər tərəfindən verilmədikdə, mülkiyyətçi qeyd olunan şəxslərin mülkiyyətində olan əmlakdan istifadə hüququnun itirilməsi ilə bağlı məhkəməyə müraciət edə bilər.
Həmin şəxslərin mülkiyyətdən istifadə hüququna məhkəmə tərəfindən xitam verildikdən sonra artıq alqı-satqı zamanı onların razılığına zərurət olmur.
Məhkəmə qeydiyyatda olan mülkiyyətçinin ailə üzvlərinin (Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən mülkiyyətçinin ailə üzvləri onun arvadı (əri), habelə onun uşaqları və valideynləri nəzərdə tutulur) istifadə hüququna xitam verərkən mülkiyyətçi tərəfindən bunun əvəzində həmin şəxslərə kompensasiya ödənilməsini müəyyən edə bilər.
Daşınmaz əmlakın alqı-satqısı müqaviləsi bağlananda həm alıcı, həm də satıcı şəxsən iştirak edə, yaxud hər iki tərəfin yerinə etibarnaməyə əsasən onların nümayəndələri iştirak edə bilər".