Rusiyada benzin ixracına qoyulan qadağa uzadıldı

31 İyul 2026 00:23 (UTC+04:00)

Rusiya hökuməti 1 avqust 2026-cı ildən 31 yanvar 2027-ci ilədək benzin, dizel, gəmi yanacağı və qazoylun ixracına müvəqqəti qadağa qoyub. SİA xəbər verir ki, bu barədə Rusiya Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.

İmzalanmış sənədə əsasən, sentyabrın 1-dən etibarən məhdudiyyətlər birbaşa istehsalçılar tərəfindən ixrac olunan dizel və gəmi yanacağına, eləcə də qazoyla şamil edilməyəcək. Bundan əlavə, beynəlxalq hökumətlərarası sazişlər çərçivəsində və humanitar yardım məqsədilə yanacağın ixracına da icazə veriləcək.

Qeyd olunub ki, hakimiyyət orqanları daxili bazarda sabitliyi qorumaq məqsədilə daha əvvəl də yanacaq ixracına məhdudiyyətlər tətbiq etmişdi. Neft emalı zavodlarına endirilən zərbələr və topdansatış qiymətlərinin kəskin artması fonunda benzin ixracına qadağa ilk dəfə 2025-ci ildə tətbiq olunmuşdu.

Mətləb