Qəbələdə möhtəşəm Vyetnam musiqi gecəsi

30 İyul 2026 20:15 (UTC+04:00)

Heydər Əliyev Fondunun təşəbbüsü və təşkilatçılığı, Mədəniyyət Nazirliyinin, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının və “Gilan”ın dəstəyi ilə XV Qəbələ Beynəlxalq Musiqi Festivalının ikinci gününün də proqramı zəngin və rəngarəng idi.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, qonaqlar sırasında Vyetnamdan gələn “Bronze drum” ansamblının festivala dəvət alması heç də təsadüfi deyil. Mədəniyyətlərarası dialoqun mühüm platformasına çevrilən Qəbələ Beynəlxalq Musiqi Festivalında keçmişdə olduğu kimi, bu gün də müxtəlif ölkələrin, fərqli mədəniyyətlərin ən parlaq təmsilçiləri Azərbaycanın bu qədim bölgəsində bir araya gəlirlər.

Heydər Əliyev Konqres Mərkəzində təşkil edilən konsertdə ansambl “Vyetnamın milli vokal janrlarına İntroduksiya” proqramı çərçivəsində zərb alətlərinin əks-sədası altında T.Giang – “Məhsul yığımı mövsümünün hekayəsi”, H.Xuan – “Bahar gəlir”, X.Khai – “Vətənin melodiyası”, X.Khai – “Vətənin duyğuları”, H.Xuan - “Mərkəzi Yaylalar Günəşi qarşılayır”, “Then” oxuması, D.Nho - “The Pieu scarf”, Vyetnam xalq musiqisi “Inh La Oi” (işləməsi Hoang Tran Luu), N.D. Thi - “Hanoian”, E. Capua - “O Sole Mio” (sözləri Giovanni Capurro), "Xam Ha Thanh" oxuması və "Co Doi Thuong Ngan" oxuması-ifaları ilə sənətsevərlərə maraqlı gecə bəxş ediblər.

Vyetnam Milli Musiqi Akademiyasının direktor müavini, Xalq Artisti Buy Konq Zyui AZƏRTAC-ın bölgə müxbiri ilə söhbətində bildirib ki, Bakı, Azərbaycan haqqında çox eşidib, məlumatlar toplayıb. Lakin bu, onun ölkəmizə ilk səfəridir və vaxtilə eşitdiyi xoş xəbərlərin bu gün həqiqət olmasından sevinclidir. Xalq artistinin sözlərinə görə, keçmişdə olduğu kimi, bu gün də Bakıda Vyetnamdan tələbələr təhsil alırlar. Azərbaycanın incəsənət xadimlərinin dəfələrlə Vyetnamda geniş və maraqlı konsert proqramları ilə çıxış etdiyini xatırladan Milli Musiqi Akademiyasının direktor müavini sözlərinə onu da əlavə edib ki, Qəbələ Beynəlxalq Musiqi Festivalına dəvət almaları onlar üçün ikiqat sevindirici və qürurvericidir. Bu konsertdə folklor qrupunun, caz kollektivinin, eləcə də zərb alətləri qrupunun maraqlı çıxışının nəzərdə tutulduğunu bildirib. Vyetnam nümayəndə heyətinin rəhbəri onu da diqqətə çatdırıb ki, avqust ayının 1-də paytaxt Bakıda da geniş proqramla çıxış etmələri nəzərdə tutulur.

Konsert proqramına maraq və diqqət hər zamankı kimi böyükdür. Zalda respublikanın müxtəlif bölgələrindən, eləcə də xarici ölkələrdən Qəbələyə istirahətə gələnləri görmək olar. Bakı şəhər sakini Məhəmməd Verdizadə də onlardan biridir. Beynəlxalq Musiqi Festivalının açılışının möhtəşəm keçdiyini bildirən paytaxt sakini Vyetnam musiqiçilərinin də çıxışını yüksək qiymətləndirib.

Əlbəttə ki, yerli sakinlər arasında da Beynəlxalq Musiqi Festivalına maraq böyükdür. Qəbələ sakini Xədicə Cavadlı Vyetnam musiqi gecəsinə böyük həvəs və maraqla gəldiyini deyir. Belə ki, o, dəfələrlə radio və televiziya efirlərində Vyetnam musiqisini dinləyib və böyük zövq alıb.

Konsert proqramının sonunda Vyetnam musiqiçilərini ayaq üstə alqışlayan tamaşaçılar ifaçılara gül dəstələri hədiyyə edib, xatirə şəkli çəkdiriblər.

Gecə konsertində isə Özbəkistandan gələn “Daşkənd Zeboları” Xalq Rəqs Ansamblının solistlərinin çıxışları və “Bek” Doyraçılar Ansamblının ifası təqdim olunacaq.