Məcburi psixiatrik müayinə hansı hallarda qanunidir? - VƏKİL AÇIQLADI

30 İyul 2026 17:32 (UTC+04:00)

Psixi sağlamlıq həm insanın öz təhlükəsizliyi, həm də cəmiyyətin rifahı baxımından mühüm əhəmiyyət daşıyır. Bəzi hallarda şəxsin psixi vəziyyəti onun özünə və ya ətrafdakılara təhlükə yarada bilər. Bəs bu cür hallar qanunvercilikdə necə tənzimlənib?

Məsələ ilə bağlı vəkil Emil Aslanov SİA-ya açıqlamasında bildirib ki, inzibati xəta törətmiş şəxsin məcburi müalicəyə ehtiyacının olub-olmamasını müəyyənləşdirmək məqsədilə onun məhkəmə qərarı olmadan da müayinədən keçirilməsi mümkündür:

“Müayinə nəticəsində şəxsin məcburi müalicəyə ehtiyacının olub-olmaması müəyyən edilir.

Eyni qayda cinayət-prosessual qanunvericilikdə də nəzərdə tutulub. Əgər şəxsin məcburi müalicəyə ehtiyacı olduğu ehtimal edilirsə, icraatı aparan vəzifəli şəxsin qərarı ilə o, müayinədən keçirilə bilər. Müayinə nəticəsində məcburi müalicəyə ehtiyac olduğu müəyyən edilərsə, artıq məhkəmə qərarı ilə həmin şəxsin məcburi müalicəyə yerləşdirilməsi mümkündür.

Cinayət və inzibati xəta işlərində, o cümlədən inzibati həbs nəzərdə tutulan hallarda, inzibati icraatı aparan vəzifəli şəxs öz qərarı ilə həmin şəxsin müayinəsini təyin edə bilər.

Mülki prosessual qaydada isə yalnız ailə üzvləri məhkəməyə müraciət etmək hüququna malikdirlər. Lakin şəxs ətrafdakılara maddi və ya mənəvi ziyan vurursa, məsələn, narkotik və ya alkoqol asılılığı səbəbindən gecələr qışqırır, ətrafdakıların rahatlığını pozursa, bu halda da ailə üzvləri məhkəməyə müraciət edə bilərlər”.