Dünya çempionatı: Azərbaycan güləşçisi təsəlliverici görüşə vəsiqə qazanıb

30 İyul 2026 18:18 (UTC+04:00)

Azərbaycanın qız güləşçisi Fatimə Bayramova Bakıda təşkil olunan U-17 dünya çempionatında təsəlliverici görüşə vəsiqə qazanıb.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, 53 kiloqram çəki dərəcəsində çıxış edən idmançı 1/4 finala kimi irəliləsə də, bu raundda ABŞ-dən olan Marli Solomona məğlub olub. Rəqibi finala yüksəldiyindən Bayramova bürünc medal uğrunda təsəlliverici görüşdə yarışmaq şansı əldə edib.

Bu gün mübarizəyə qoşulan Gülxanım Şirinova (40 kiloqram), Nuray Cəfərli (46 kiloqram), Fidan Babayeva (61 kiloqram) və Simurə Abdullayeva (69 kiloqram) isə ilk görüşlərində uduzaraq turnirlə vidalaşıblar.

Ötən gün də Azərbaycanın 4 qız güləşçisi ilk görüşlərində məğlub olaraq mundialı mükafatsız başa vurublar.

Yunan-Roma güləşi üzrə Azərbaycan millisi isə yarışı 6 medalla başa vurub. İsfahan Həsənov (80 kiloqram), Əli Cavadlı (45 kiloqram) və Abdurrahman Hüseynli (51 kiloqram) gümüş, Ömər Salmanov (48 kiloqram), Elmir Çərkəzov (60 kiloqram) və Orxan Həbibli (65 kiloqram) isə bürünc mükafata sahib çıxıblar.

Qeyd edək ki, Milli Gimnastika Arenasında keçirilən mundialda 60-dan çox ölkədən 700-dək yeniyetmə güləşçi mübarizə aparır. Azərbaycanı turnirdə 29 idmançı təmsil edir.