Qara dəniz vasitəsilə Gürcüstan və Rumıniyanı birləşdirəcək strateji sualtı elektrik kabeli layihəsinin həyata keçirilməsi istiqamətində növbəti mühüm mərhələyə start verilib.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Rumıniyanın elektrik enerjisinin ötürülməsi üzrə milli operatoru “Transelectrica” layihənin dəniz hissəsinin hazırlanmasına dair işçi görüşü keçirib. Görüşdə Rumıniya və Gürcüstanın enerji operatorları, layihənin texniki məsləhətçiləri, dövlət qurumlarının nümayəndələri və beynəlxalq ekspertlər iştirak ediblər.
Müzakirələr zamanı Qara dənizin dibi üzrə geoloji və geofiziki tədqiqatların təşkili, kabel marşrutunun dəqiqləşdirilməsi, ekoloji qiymətləndirmə, həmçinin layihənin növbəti texniki mərhələləri nəzərdən keçirilib. Dəniz tədqiqatlarının nəticələri kabelin dəqiq marşrutunun müəyyən edilməsində və tikinti işlərinin planlaşdırılmasında əsas rol oynayacaq.
Eyni zamanda, layihənin yenilənmiş texniki-iqtisadi əsaslandırılması, maliyyələşdirmə mexanizmləri, tənzimləyici prosedurlar və icazələrin alınması prosesi də müzakirə olunub. Rumıniya tərəfi layihənin milli enerji sisteminə inteqrasiyası istiqamətində hazırlıq işlərini davam etdirir.
“Transelectrica” Konstansa bölgəsində əlavə 1300 meqavat ötürmə gücünün ölkənin elektrik şəbəkəsinə inteqrasiyası imkanlarını təhlil edir. Bunun üçün yeni yarımstansiyaların tikilməsi, yüksəkgərginlikli elektrik xətlərinin genişləndirilməsi və milli enerji sisteminin gücləndirilməsi nəzərdə tutulur.
İlkin layihəyə əsasən, sualtı kabelin ümumi uzunluğu təxminən 1155 kilometr olacaq. Bunun 1115 kilometri Qara dənizin dibi ilə, qalan hissəsi isə Rumıniya və Gürcüstan ərazisində qurudan keçəcək. Kabel yüksəkgərginlikli sabit cərəyan texnologiyası əsasında inşa ediləcək və bəzi hissələrdə dənizin 2500 metrdən artıq dərinliyindən keçəcək. Bu səbəbdən layihə Avropada həyata keçirilən ən mürəkkəb enerji infrastrukturu təşəbbüslərindən biri hesab olunur.
Layihənin əsas məqsədi Cənubi Qafqazda istehsal olunan, xüsusilə Azərbaycanın bərpaolunan enerji potensialı hesabına əldə edilən elektrik enerjisinin Gürcüstan üzərindən Rumıniyaya, buradan isə Avropanın digər ölkələrinə ötürülməsini təmin etməkdir. Bu marşrut Avropa İttifaqının enerji mənbələrinin şaxələndirilməsi siyasətinə mühüm töhfə verəcək və regionun enerji təhlükəsizliyini gücləndirəcək.
Mütəxəssislərin fikrincə, layihənin reallaşması Rumıniyanın Qara dəniz regionunda enerji qovşağı kimi mövqeyini daha da möhkəmləndirəcək. Eyni zamanda, Konstansa bölgəsi Avropanın əsas elektrik enerjisi tranzit mərkəzlərindən birinə çevrilə bilər.
Qeyd edək ki, Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında Qara dəniz sualtı elektrik kabelinin tikintisinə dair strateji tərəfdaşlıq sazişi 2022-ci ildə imzalanıb. Layihə Avropa İttifaqı tərəfindən ümumi maraq doğuran enerji təşəbbüslərindən biri kimi qiymətləndirilir, onun həyata keçirilməsi Cənubi Qafqaz ilə Avropa arasında yaşıl enerji dəhlizinin formalaşmasına xidmət edəcək.