Azərbaycanda dövlətə ərzaq satışına dair təkliflərin qəbuluna başlanılacaq

30 İyul 2026 16:26 (UTC+04:00)

Avqustun 1-dən sentyabrın 1-nə qədər Azərbaycanda ərzaq və kənd təsərrüfatı məhsullarını satmaq niyyətində olan fermerlər, istehsalçılar və satıcılar tedaruk.az saytına daxil olaraq dövlət satınalan təşkilatların 2027-cı il üzrə tələbatlarına uyğun olaraq ərzaq məhsullarına dair təkliflərini yerləşdirə biləcəklər.

SİA bu barədə Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, elektron portal vasitəsilə ərzaq məhsullarını satmaqda maraqlı olan istehsalçılar, fermerlər və satıcılar sistemə "ASAN LOGIN" üzərindən ASAN İmza vasitəsilə daxil ola biləcəklər. "ASAN İmza" yalnız VÖEN hesabına bağlı olduğu halda keçərlidir.

Bundan əlavə istehsalçılar, fermerlər və satıcılar növbəti il üçün "Aqrar Tədarük və Təchizat" ASC tərəfindən portala daxil edilən elana uyğun olaraq məhsullara dair təkliflərini cari ilin 1 avqust – 1 sentyabr tarixləri arasında sistemə yükləyə biləcəklər. Qeyd edilən tarixədək təkliflərini elektron portala daxil etməyən istehsalçılar və ya satıcılar satınalmada iştiraka buraxılmayacaqlar. Təkliflərin yerləşdirilməsi tamamilə ödənişsizdir.

Tedaruk.az elektron portalı dövlət büdcəsinin vəsaitləri hesabına ərzaq məhsullarını satın alan dövlət müəssisə və təşkilatları (idarələri) ilə həmin məhsulları satmaq istəyən istehsalçı və satıcıları birləşdirən platformadır. Elektron portal ərzaq məhsullarının dövlət sifarişi ilə mərkəzləşdirilmiş qaydada satın alınmasını təkmilləşdirir, tədarük və təchizat prosesinin operativ həllini təmin edir.