"Cəmiyyətə görə uşağı böyütmək dedikdə əsas məsələ onu yedirtmək, geyindirmək, yaxşı məktəbə qoymaq və təhlükəsizliyini təmin etməkdir". Bu fikirləri SİA-ya açıqlamasında İngla Kids and Preschool-un direktor müavini,Uşaq və Yeniyetmə psixoloqu Aysu Həsənzadə deyib.
.jpg)
Onun sözlərinə görə, bunlar, əlbəttə ki, vacibdir: " Amma uşağın psixoloji inkişafı üçün ən vacib olan şey onun yaşadığı emosional mühitdir.
Əslində, uşaq valideynin dediyini yox, yaşatdığını öyrənir. Yəni valideyn nə qədər “özünə güvən” desə də, əgər özü daim qorxu içində yaşayırsa, hər şeydən narahatdırsa və ya özünü dəyərsiz hiss edirsə, uşaq bunu sözlərdən daha güclü şəkildə mənimsəyəcək.
Bir məsələ var ki, çox vaxt gözdən qaçırılır. İnsanlar düşünür ki, uşağın travması yalnız qışqırmaqdan, döyməkdən və ya ciddi zorakılıqdan yaranır. Halbuki psixologiyada bəzən ən dərin izləri səssizlik qoyur. Valideynin uşağı dinləməməsi, hisslərini kiçiltməsi, “Bunda ağlayacaq nə var?”, “Çox şişirdirsən”, “Sən də hər şeyi problem edirsən” kimi cümlələr uşağa bir mesaj verir: “Sənin hisslərin vacib deyil”. Uşaq da zamanla emosiyalarını gizlətməyi öyrənir. Böyüyəndə isə hisslərini ifadə edə bilməyən, münasibətlərdə çətinlik yaşayan və ya öz ehtiyaclarını tanımayan bir insana çevrilə bilir.
Çox zaman uşağın özünəinamı təriflə yox, qəbul olunmaqla formalaşır. Uşaq bilməlidir ki, o, yalnız uğur qazandığına görə yox, sadəcə olduğu kimi də sevilir. Əgər sevgi yalnız qiymətə, davranışa və ya nailiyyətə bağlı olarsa, uşaq zamanla düşünəcək ki, “Məni olduğum üçün yox, etdiklərim üçün sevirlər”. Bu isə gələcəkdə mükəmməlliyyətçilik, uğursuzluq qorxusu və özünü daim sübut etmə ehtiyacı yarada bilər.
Ailədaxili münasibətlər də uşağın gələcək münasibətlərinin modeli olur. Məsələn, valideynlər bir-birinə hörmətlə yanaşırsa, fikir ayrılığını sakit şəkildə həll edirsə, uşaq da öyrənir ki, konflikt münasibətin sonu deyil. Amma evdə davamlı gərginlik, qışqırıq və ya soyuq münasibət varsa, uşaq bunu “normal” hesab etməyə başlayır və gələcək münasibətlərində də eyni modeli təkrarlaya bilər.
Bir maraqlı nüans da budur ki, uşaqlar valideynlərinin emosional yükünü də üzərlərinə götürə bilirlər. Bəzən valideyn fərqinə varmadan uşağa sirdaş kimi davranır, öz problemlərini onunla bölüşür və ya uşağı emosional dəstək roluna salır. Kənardan baxanda bu, yaxın münasibət kimi görünə bilər, amma əslində uşaq öz yaşına uyğun olmayan məsuliyyət daşımağa başlayır. Nəticədə vaxtından əvvəl böyüyür, amma daxilən uşaq qalır.
Valideyn mükəmməl olmaq məcburiyyətində deyil. Psixologiyada “kifayət qədər yaxşı valideyn” anlayışı var. Uşağın ehtiyacı qüsursuz valideynə deyil, səhv etdikdə bunu qəbul edib münasibəti bərpa edə bilən valideynədir. Çünki uşağa ən böyük dərslərdən biri də budur ki, münasibətlərdə səhv etmək mümkündür, əsas olan onu necə düzəltdiyindir.
Ona görə də valideynin ən böyük rolu sadəcə uşağı böyütmək deyil. Onun daxili dünyası üçün təhlükəsiz yerə çevrilməkdir. Çünki uşaqlıqda valideynin səsi zamanla uşağın daxili səsinə çevrilir. Valideyn uşağa necə danışırsa, illər sonra uşaq da özünə elə danışacaq. Məncə, valideynliyin ən böyük məsuliyyəti də məhz budur".