"Tərəflər regional təhlükəsizlikdə həmrəy olduqlarını göstərdilər" - POLİTOLOQ DANIŞDI

30 İyul 2026 15:26 (UTC+04:00)

"ABŞ Prezidenti Donald Trampla İsrailin Baş naziri Benyamin Netanyahu arasında keçirilən görüşü ümumilikdə müsbət və tərəflər üçün əhəmiyyətli hadisə kimi qiymətləndirmək olar. Çünki görüşdən əvvəl müxtəlif mənbələrdə Donald Trampla Benyamin Netanyahu arasında müəyyən fikir ayrılıqlarının olduğu, hətta Netanyahunun ABŞ-a səfərinin təxirə salına və ya görüşün baş tutmaya biləcəyi barədə məlumatlar yayılmışdı".

Bu sözləri SİA-ya açıqlamasında Orta Doğu Araşdırmaları Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan deyib.

Onun sözlərinə görə, görüşün keçirilməsi, tərəflərin əsas regional məsələləri müzakirə etməsi və liderlər arasında açıq dialoqun davam etməsi ABŞ–İsrail münasibətlərinin sabitliyini və iki ölkə arasında strateji əməkdaşlığın qorunduğunu göstərir. Bu, həm də liderlər arasında qarşılıqlı anlaşmanın hələ də mövcud olduğuna işarədir:

"Şübhəsiz ki, görüşdə müzakirə olunan əsas məsələlərdən biri İran və onun nüvə proqramı olub. İranın nüvə fəaliyyətləri, uranın zənginləşdirilməsi, Hörmüz boğazında təhlükəsizlik məsələləri və regionda mümkün gərginliklər ABŞ və İsrail üçün əsas prioritetlər sırasındadır.

Bununla yanaşı, Qəzza zolağındakı vəziyyət, Livanda “Hizbullah”la bağlı proseslər, Yəməndəki hadisələr və Yaxın Şərqdə uzunmüddətli sülhün təmin olunması məsələlərinin də görüşün gündəliyində yer aldığı ehtimal olunur.

ABŞ-ın İsrail hökumətindən regional məsələlərdə Vaşinqtonun mövqeyini nəzərə almasını və müəyyən istiqamətlərdə daha sıx əməkdaşlıq etməsini istəməsi də mümkündür. Görüşdən əvvəl yayılan məlumatlarda Donald Trampın Qəzza zolağında vəziyyətin sabitləşdirilməsi, Livan istiqamətində gərginliyin azaldılması və regional təhlükəsizlik məsələlərində İsraillə daha sıx koordinasiyaya üstünlük verdiyi bildirilirdi.

Görüşlə bağlı yayılan bəzi məlumatlarda İsrailin İranın nüvə proqramı ilə əlaqədar əldə etdiyi kəşfiyyat məlumatlarını ABŞ tərəfi ilə paylaşdığı da qeyd olunurdu. Lakin bu kimi məlumatların rəsmi şəkildə təsdiqlənməsi xüsusi əhəmiyyət daşıyır.

Ümumilikdə, görüş bir daha göstərdi ki, İsrail ABŞ-ın Yaxın Şərqdəki ən mühüm strateji tərəfdaşlarından biridir. Tərəflər arasında zaman-zaman fikir ayrılıqları yaransa da, təhlükəsizlik, hərbi əməkdaşlıq və regional siyasət məsələlərində ABŞ–İsrail münasibətləri xüsusi əhəmiyyətini qoruyur.

Digər tərəfdən, İsraildə növbəti parlament seçkilərinin keçirilməsi də siyasi baxımdan mühüm amildir. Bu baxımdan Benyamin Netanyahunun ABŞ Prezidenti ilə görüşü onun daxili siyasi mövqeyinə və gələcək seçki kampaniyasına müəyyən müsbət təsir göstərə bilər. Netanyahu ABŞ administrasiyası ilə yaxın münasibətlərini İsrail ictimaiyyətinə siyasi üstünlük kimi təqdim etməyə çalışa bilər.

Demək olar ki, bu görüş yalnız ikitərəfli münasibətlər baxımından deyil, həm də İranın nüvə proqramı, Qəzza, Livan, Yəmən və ümumilikdə Yaxın Şərqdə təhlükəsizlik və sabitlik məsələləri baxımından əhəmiyyətli hesab oluna bilər. ABŞ və İsrailin regional proseslərdə koordinasiyalı fəaliyyət göstərməsi gələcək dövrdə də Yaxın Şərqin siyasi və təhlükəsizlik gündəliyinə ciddi təsir göstərəcək".