Türkiyə İranla sərhəddə 6 kilometrlik polad divar inşa edib

30 İyul 2026 15:01 (UTC+04:00)

Türkiyə İranla sərhəddə təhlükəsizlik tədbirlərini daha da gücləndirib. Van vilayətində terror, qaçaqmalçılıq və qeyri-qanuni miqrasiyaya qarşı həyata keçirilən layihə çərçivəsində sərhəd xəttində ilk dəfə 6 kilometrlik modul tipli polad divar quraşdırılıb. Bu addım bölgədə təhlükəsizlik risklərinin artdığı bir dövrdə atılıb.

SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Türkiyənin İranla ən uzun quru sərhədinə malik olan Van vilayətində 2021-ci ildə başladılan 305 kilometrlik sərhəd təhlükəsizlik divarı layihəsinin artıq 235 kilometri tamamlanıb. Layihə Çaldıran, Özalp, Saray və Başqala rayonlarını əhatə edir.

Hazırda Başqala istiqamətində yerləşən 70 kilometrlik son mərhələ üzrə işlər davam etdirilir. Dağlıq və çətin relyefə malik 6 kilometrlik hissədə ilk dəfə 1 metrlik beton təməl üzərində 5 metr hündürlüyündə polad profillərdən və 90 santimetrlik tikanlı məftildən ibarət modul divar sistemi quraşdırılıb.

Sərhəd boyunca təhlükəsizlik yalnız fiziki maneələrlə məhdudlaşmır. Ərazi elektro-optik müşahidə qüllələri, termal kameralar, radar sistemləri, müasir sensorlar, suötürücü keçidlərdə yerləşdirilən fototələlər, pilotsuz uçuş aparatları və pilotsuz yerüstü vasitələrlə gecə-gündüz nəzarətdə saxlanılır.

Bundan əlavə, mümkün hava təhdidlərinin qarşısını almaq üçün dron əleyhinə sistemlər, zenit silahları, zirehli döyüş maşınları, snayper qrupları və komando bölmələri sərhədin strateji nöqtələrində yerləşdirilib. Türkiyə rəsmiləri bildirirlər ki, görülən tədbirlər sərhəd təhlükəsizliyinin maksimum səviyyədə təmin edilməsinə, terror və qeyri-qanuni keçidlərin qarşısının alınmasına xidmət edir.