Yaponiyanın Osaka şəhərində qeyri-adi memarlıq nümunəsi olan bina diqqət çəkir. 16 mərtəbəli “Gate Tower” binasının 5-ci və 7-ci mərtəbələri arasından avtomobil yolu keçir. Bu layihə sıx şəhər ərazilərində torpaq çatışmazlığına fərqli həll yolu kimi həyata keçirilib.
SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, binaya kənardan baxanda elə təsəvvür yaranır ki, avtomobillər birbaşa göydələnin içindən keçir. Lakin əslində yol binanın konstruksiyasından tam müstəqil şəkildə qurulub. Xüsusi izolyasiya sistemi sayəsində nəqliyyatın səsi və vibrasiyası binadakı insanlara təsir etmir. Yolun keçdiyi mərtəbələrdə ofislər yerləşdirilməyib və liftlər həmin hissələrdə dayanmır.
Layihənin yaranması uzun illər davam edən torpaq mübahisəsi ilə bağlı olub. 1980-ci illərdə torpaq sahibi şirkətlə avtomobil yolu operatoru arasında 5 il davam edən anlaşmazlıqdan sonra Yaponiyada qanunvericilik dəyişdirilib. Yeni qaydalar bina və yolun eyni şaquli məkanda yerləşməsinə hüquqi imkan yaradıb.
Mütəxəssislər bu layihəni sıx məskunlaşmış şəhərlərdə məkan çatışmazlığına verilən ən qeyri-adi mühəndislik cavablarından biri hesab edirlər. “Gate Tower” binası hazırda həm memarlıq həvəskarlarının, həm də turistlərin maraq göstərdiyi məkanlardan biridir.