"XXI əsri hər yerdə virtual və sürət əsri adlandırırlar. Bu dövrdə həyatımızın müxtəlif sahələrində – həm sənayedə, həm kənd təsərrüfatında, həm sosial aləmdə və ümumilikdə insan fəaliyyətinin bütün istiqamətlərində sürət, elektronlaşma, rəqəmsallaşma, indi isə süni intellekt, gələcəkdə isə superzəka öz sözünü deməkdədir".
Bu fikirləri SİA-ya açıqlamasında İctimai və mədəniyyət xadimi, Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, www.kitabxana.net – Mir Cəlal Paşayev adına Milli Virtual-Elektron Kitabxananın yaradıcısı, Prezident təqaüdçüsü, yazıçı-kulturoloq Aydın Xan Əbilov bildirib.

Onun sözlərinə görə, Lakin hər nəsil yaşayış tərzinə yeniliklər gətirir. Əvvəlki nəsillər öz dövrünü "gümüş dövr", onlardan əvvəlki babalarının və ulu babalarının dövrünü isə "qızıl dövr" adlandırsalar da, real həyatda insanlar hər zaman narazılıq etməyə meyilli olurlar: "Onlar unudurlar ki, nə dünəni, nə də gələcəyi yaşayırlar – məhz bugünü yaşayırlar. Bugün isə keçmiş arzuların reallaşması, gələcək planların isə təməlidir.
Bəli, qismən belə görünür ki, yeni nəsil əvvəlki nəsillərlə müqayisədə prioritetlərini daha tez dəyişən, prinsipiallığı arxa plana keçirən, tez varlanmaq istəyən və eyni zamanda fiziki əmək sərf etmək istəməyən bir qrupa bənzəyir. Bu insanların əsas məqsədi həyatın zövqünü almaq, dörd otaqlı mənzilə, qarajlı bahalı avtomobilə, diqqət çəkən geyimlərə, bahalı mobil telefona və digər maddi nemətlərə sahib olmaqdır.
Amma unudurlar ki, bu arzuları reallaşdırmaq üçün durmadan işləmək, zəhmət çəkmək, hər gün yeniliklər yaratmaq və cəmiyyətə fayda vermək lazımdır.
Təəssüf ki, bəzi gənclər şəxsi məqsədlərini ön plana çəkərkən başqalarının haqqını unudurlar. Elə düşünürlər ki, sanki bütün dünya yalnız onlar üçün yaradılıb, başqaları işləməli, zəhmət çəkməli, onlar isə yalnız nəticədən faydalanmalıdırlar.
Bunun mənfi nəticələrini artıq görürük. Mühüm səbəblərdən biri də odur ki, bəzi insanlar daha çox maaş almaq və tez varlanmaq arzusu ilə əmək bazarına uyğun bilik və bacarıqlar qazanmadan uğur əldə etmək istəyirlər. Orta məktəbi lazımi səviyyədə bitirmədən, hər hansı bir peşəyə yiyələnmədən, başqalarının qazandığı uğurların arxasında duran ağır zəhməti görmədən hər şeyə sahib olmaq istəyirlər.
Belə insanlar bütün günü evdə oturmağa, valideynlərinin, gələcəkdə isə həyat yoldaşının və ya sponsorların hesabına yaşamağa üstünlük verirlər. Halbuki keçmişdə belə həyat tərzi ayıb hesab olunurdu. İşləməyən, tənbəlliyə üstünlük verən, yalnız kef içində yaşamaq istəyən insanlar cəmiyyət tərəfindən ictimai qınağa məruz qalırdılar. İndi isə həmin ictimai qınaq əvvəlki təsirini itirib.
Əgər əvvəlki nəsillər kosmonavt olmağı, qəhrəmanlıq göstərməyi, Vətən uğrunda fədakarlığı özlərinə ideal seçirdilərsə, bu gün bir çoxları üçün əsas məqsəd varlı olmaq, bahalı avtomobil sürmək, dəbdəbəli məkanlarda istirahət etmək və başqalarını heyrətləndirməkdir.
Sözsüz ki, bütün bunlar həm yeni nəslin sağlam formalaşmasına, həm də gənclərimizin cəmiyyətdə layiqli yer tutmasına müəyyən mənada mane olur.
Həyatda nəyəsə nail olmaq üçün mütləq çalışmaq, əlləşmək və mübarizə aparmaq lazımdır.
Bu gün prioritetlərin tez-tez dəyişməsi və insanların ciddi məsələlərə kifayət qədər önəm verməməsi müəyyən boşluqlara səbəb olur. Xoş arzularla yaşayan, böyük istəkləri olan gənclərin bir qismi həmin arzuları reallaşdırmaq üçün əməli fəaliyyətə keçmir. Vaxtında təhsil almır, karyera qurmaq üçün zəruri mərhələlərdən keçmir.
Nəticədə onlar xəyal qırıqlığı yaşayırlar. Elələri var ki, qırx yaşına çatsa da hələ evlənməyib, bəziləri isə ümumiyyətlə, həyatda özünü bədbəxt hiss edir. Əlbəttə, bu, hamıya aid deyil. Lakin prioritetlərini düzgün müəyyənləşdirə bilməyən, yaxın və uzaq perspektiv üçün plan qurmayan, bu planları həyata keçirmək naminə zəhmət çəkməyən insanlar sonda xəyal qırıqlığı yaşayır və həyatlarında ciddi problemlərlə üzləşirlər.
Bəzən belə təəssürat yaranır ki, əvvəlki nəsillərlə müqayisədə indiki nəslin bir hissəsi həyata sadəcə yaşamaq üçün gəlib. Sanki bu həyatdan ciddi gözləntiləri yoxdur və məqsədsiz şəkildə yaşayır. Bu isə onların prioritet seçimində ciddi problemlər yaradır. Nəticədə şəxsi həyatlarından başlayaraq karyeralarına, ailə qurmağa, rəsmi nikaha daxil olmağa və övlad böyütməyə qədər bir çox sahədə çətinliklərlə üzləşirlər.
Lakin həyat sürətlə dəyişdiyi kimi, prioritetlər də dəyişir. Artıq yeni, daha optimist və maksimalist bir gənclik formalaşır. Bu gənclər anlayırlar ki, onlayn mühitdə də gəlir əldə etmək mümkündür. Onlar dərk edirlər ki, həyatda təkcə pul deyil, dövlət, cəmiyyət və ən əsası sağlamlıq da mühüm əhəmiyyət daşıyır. Sağlam həyat qurmaq, gəlir əldə etmək və uğurlu karyera formalaşdırmaq üçün zəhmət çəkmək, çətinliklərə sinə gərmək lazımdır.
Əvvəllər gənclər əsasən yalnız Azərbaycanda biznes qurmağa çalışırdılarsa, indi artıq xaricdə işləmək və fəaliyyət göstərmək imkanlarını da qiymətləndirirlər. Onlayn biznes yaradır, internet və sosial şəbəkələr vasitəsilə müxtəlif ölkələrdə çalışır, təcrübə qazanır, daha sonra isə Azərbaycana qayıdaraq fəaliyyətlərini davam etdirirlər. Bu da prioritetlərin nə qədər sürətlə dəyişdiyini göstərir.
Mən düşünürəm ki, yaxın gələcəkdə süni intellekt sahəsində fəaliyyət göstərən gənclərin ortaya qoyacağı yeniliklər cəmiyyətimiz üçün həm yeni uğurların, həm də müəyyən risk və problemlərin yaranmasına səbəb ola bilər".