İranın qərarı münasibətlərə necə təsir edəcək? - ŞƏRH EDİLDİ

30 İyul 2026 13:19 (UTC+04:00)

İran İslam Respublikasının Kəşfiyyat Nazirliyinin Azərbaycan Dövlət Televiziyasını (AzTV) "düşmən media qurumu" kimi təqdim etməsi və bu media orqanı ilə əməkdaşlıq edən şəxsləri cinayət məsuliyyəti ilə hədələməsi Azərbaycan–İran münasibətlərinin informasiya müstəvisində gərginliyin artdığını göstərən ciddi bir addımdır. Belə bir qərar təkcə media sahəsini deyil, həm də iki ölkə arasındakı siyasi və diplomatik münasibətləri əhatə edən daha geniş nəticələr doğura biləcək xarakter daşıyır.

Bu sözləri SİA-ya deputat Pərvanə Vəliyeva deyib.

O bildirib ki, media qurumları dövlətlərin öz mövqelərini həm daxili, həm də beynəlxalq ictimaiyyətə çatdırdığı mühüm ictimai diplomatiya vasitələrindən biridir. Xarici dövlətə məxsus televiziya kanalını "düşmən media qurumu" kimi təqdim etmək və onunla əməkdaşlıq edən şəxsləri hüquqi məsuliyyətlə hədələmək, xüsusilə regionda yeni geosiyasi reallıqların formalaşdığı, iki dövlət arasında qarşılıqlı etimadın və dialoqun xüsusi önəm kəsb etdiyi bir dövrdə regional əməkdaşlıq və sabitlik səylərinə mənfi təsir göstərə bilər:

“İnformasiya məkanında təhdidlərin güclənməsi yalnız ikitərəfli münasibətlərə deyil, bütövlükdə regionun təhlükəsizlik mühitinə də təsirsiz ötüşmür.

Məhz buna görə də yaranmış fikir ayrılıqlarının birtərəfli məhdudlaşdırıcı tədbirlər vasitəsilə deyil, mövcud diplomatik mexanizmlər və açıq siyasi dialoq yolu ilə həll olunması daha məqsədəuyğun olardı. Dövlətlərin suverenliyinə qarşılıqlı hörmət, beynəlxalq hüququn norma və prinsiplərinə riayət olunması, eyni zamanda peşəkar jurnalist fəaliyyətinin təmin edilməsi regionda etimadın möhkəmləndirilməsi və dövlətlərarası münasibətlərin sabit və proqnozlaşdırıla bilən əsaslar üzərində inkişafı baxımından mühüm əhəmiyyət daşıyır”.

Ayşən Vəli