"Keçmişi buraxmaq onu unutmaq demək deyil" - PSİXOLOQ AÇIQLADI

30 İyul 2026 12:54 (UTC+04:00)

"Ümumiyyətlə, insanların əksəriyyəti keçmişi buraxmaqda çətinlik çəkir. Bəzən düşünürlər ki, keçmişi buraxsalar, xatirələrini də itirəcəklər. Halbuki insan üçün həyatda ən dəyərli məqamlardan biri yaşadıqları, qazandıqları təcrübələr və yaddaşında qalan xatirələrdir".

Bu sözləri SİA-ya açıqlamasında psixoloq Vüsalə Əmiraslanova deyib.

Onun sözlərinə görə,

Psixoloji baxımdan keçmişi buraxmaq onu unutmaq və ya yaşananları inkar etmək demək deyil. Mən psixoloq kimi seanslarda insanlara keçmişdən azad olmağı, lakin onu unutmamağı tövsiyə edirəm. Xüsusilə insanı davamlı olaraq keçmişə qaytaran, ona ağrı verən, narahat edən, emosional cəhətdən əsir saxlayan fotoşəkillərdən, videolardan, yazışmalardan və mesajlardan müəyyən məsafə saxlamaq faydalı ola bilər.

Lakin bəzi insanlar buna hazır olmurlar. Onlar illərlə keçmişlə bağlı emosional bağlılıqlarını davam etdirir, həmin xatirələrə təkrar-təkrar qayıdır və bəzən bu bağlılıq nevrotik xarakter alır. Nəticədə insan indiki zamanı yaşamaqdan uzaqlaşır və gələcəkdə kim ola biləcəyini, özünü necə inkişaf etdirə biləcəyini kəşf etməkdə çətinlik çəkir.

Əslində, insan keçmişi sağlam şəkildə buraxdıqda özünü daha rahat və azad hiss edə bilər. Keçmişi unutmaq lazım deyil. Lakin hər dəfə onu xatırlayarkən eyni ağrını yenidən yaşamaq da doğru yanaşma deyil. İnsan yaşadıqlarından nəticə çıxarmalı, təcrübəsini qəbul etməli, lakin keçmişin hər detalının bu gününə təsir etməsinə imkan verməməlidir.

Bəzi hallarda müəyyən fotoşəkilləri, mesajları və ya səs yazılarını saxlamaq tamamilə başadüşüləndir. Məsələn, insan həyatını itirmiş yaxın bir şəxsin səsini, şəkillərini və ya yazışmalarını xatirə kimi qoruyub saxlaya bilər. Çünki həmin insan artıq həyatda deyil və onun səsini bir daha eşitmək, onu yenidən görmək mümkün deyil. Bu cür xatirələr insan üçün mənəvi dəyər daşıya və yas prosesinin təbii bir hissəsi ola bilər.

Lakin bəzən söhbət sadəcə bitmiş bir münasibətdən, sona çatmış dostluqdan və ya iş həyatında yaşanmış mənfi təcrübədən gedir. İnsan həmin münasibətlə bağlı fotoşəkilləri, mesajları və digər materialları aylarla, hətta illərlə saxlayır, onlara davamlı olaraq baxır və yaşadığı ağrını yenidən canlandırırsa, bu, keçmişdən ayrıla bilməməyin əlamətlərindən biri ola bilər.

Belə hallarda əsas məsələ həmin xatirələrin saxlanılması deyil, onların insanın gündəlik həyatına və emosional vəziyyətinə necə təsir etməsidir. Əgər keçmişlə bağlı materiallar insanı davamlı olaraq narahat edir, onu indiki zamanda yaşamaqdan uzaqlaşdırır və emosional yükünü artırırsa, həmin bağlılığı yenidən qiymətləndirmək faydalı ola bilər.

Keçmişi buraxmaq xatirələri silmək demək deyil. Keçmişi buraxmaq yaşananları qəbul etmək, onlardan dərs çıxarmaq və həyatın bu gününə, eləcə də gələcəyinə doğru addımlamaq deməkdir.