Bu il insan alveri qurbanı və potensial insan alveri qurbanı olan 25 nəfərə sosial-reabilitasiya xidmətləri göstərilib

30 İyul 2026 10:39 (UTC+04:00)

Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2026-2030-cu illər üçün Milli Fəaliyyət Planı”na əsasən ölkəmizdə insan alveri qurbanlarının sosial müdafiəsi və reabilitasiyası tədbirləri davam etdirilir. Fəaliyyət Planına uyğun olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən insan alverindən zərər çəkmiş şəxslərlə mütəmadi olaraq iş aparılır.

SİA xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyəylə əlaqələr şöbəsi məlumat yayıb.

Bildirilib ki, agentliyin İnsan Alveri Qurbanlarına Yardım Mərkəzi tərəfindən cari ildə daha 25 nəfər insan alveri qurbanı və potensial insan alveri qurbanına (insan alveri təhlükəsi ilə üzləşmək riski olan şəxsə) sosial-hüquqi, sosial-iqtisadi, sosial-psixoloji və tibbi-sosial xidmətlər göstərilib.

Mərkəzin sosial işçi, psixoloq və hüquq məsləhətçisindən ibarət İşçi heyəti tərəfindən həmin zərərçəkmiş şəxslərin hər biri ilə bağlı fərdi sosial reabilitasiya planı tərtib edilib və həyata keçirilib.

İnsan alveri qurbanları və potensial insan alveri qurbanları aktiv məşğulluq proqramlarına cəlb edilməklə, onların məşğulluğuna da dəstək göstərilir. Eyni zamanda, insan alveri ilə bağlı ictimai məlumatlılığın artırılması üçün bölgələrdə maarifləndirici tədbirlər də həyata keçirilir.

Qeyd edək ki, BMT Baş Assambleyasının qətnaməsinə əsasən, hər il iyulun 30-u Ümumdünya İnsan Alverinə qarşı Mübarizə Günü kimi qeyd olunur.