Azərbaycanın İnterpol xətti ilə beynəlxalq axtarışa verdiyi şəxs Monteneqroda saxlanılaraq ölkəyə ekstradisiya edilib. SİA xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, 2024-cü ildə tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə müxtəlif vaxtlarda zərərçəkmiş şəxsə yalan vədlər verməklə ona xeyli miqdarda ziyan vurmaqla dələduzluq etməkdə (Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi) ittiham edilmiş Azərbaycan vətəndaşı Hidayət Nemət oğlu Süleymanovun yeri Monteneqroda müəyyən olunub və həbs edilib.
Baş Prokurorluğun sorğusundan, habelə aparılan danışıqlardan sonra həmin şəxsin Azərbaycana ekstradisiyası ilə bağlı razılıq əldə olunub.
H.Süleymanov Ədliyyə Nazirliyinin Beynəlxalq əməkdaşlıq baş idarəsinin və Penitensiar xidmətin məsul əməkdaşları tərəfindən Monteneqronun Tivat şəhərindən ölkəyə gətirilib və məhkəmənin həbs qərarına əsasən müvafiq istintaq təcridxanasına yerləşdirilib.
Mətləb