Azərbaycan güləş üzrə növbəti medalını qazanıb

29 İyul 2026 18:27 (UTC+04:00)

Azərbaycanın yunan-Roma güləşçisi Əli Cavadlı Bakıda təşkil olunan U-17 dünya çempionatında gümüş medal qazanıb.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, 45 kiloqram çəki dərəcəsində çıxış edən idmançı həlledici matçda ABŞ-dən olan Raylen Vaksa məğlub olaraq fəxri kürsünün ikinci pilləsinə qalxıb.

Bu gün, həmçinin Abdurrahman Hüseynli (51 kiloqram) qızıl, Elmir Çərkəzov (60 kiloqram) bürünc mükafat uğrunda mübarizə aparacaqlar.

Günün ilk yarısında mübarizəyə qoşulan Azərbaycanın dörd qız güləşçisi ilk görüşlərində, Zöhrab Səfərov (92 kiloqram) isə təsəlliverici qarşılaşmada uduzaraq turnirlə vidalaşıb.

Qeyd edək ki, Milli Gimnastika Arenasında keçirilən mundialda 60-dan çox ölkədən 700-dək yeniyetmə güləşçi iştirak edir. Azərbaycanı turnirdə 29 idmançı təmsil edir. Ötən gün yunan-Roma güləşçilərindən İsfahan Həsənov (80 kiloqram) gümüş, Ömər Salmanov (48 kiloqram) və Orxan Həbibli (65 kiloqram) bürünc medal qazanıblar.